Abşeronda şəhid ailələrinə dövlət mükafatları təqdim olunub
Xırdalan, 3 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətində şəhid ailələrinə dövlət mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Yusif Mirzəyev, qurumun Abşeron şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, rayon rəhbərliyi, şəhid ailələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova şəhidlərimizin və qazilərimizin sayəsində torpaqlarımızın işğaldan azad edildiyini vurğulayaraq qeyd edib ki, Xocalı, Gəncə, Bərdə və Tərtərdə ermənilər tərəfindən törədilən faciələrin qisası ordumuz tərəfindən döyüş meydanında alınıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini deyən başçı YAŞAT Fondu barəsində məlumat verib.
General-mayor Yusif Mirzəyev də hər birimizin şəhidlərə borclu olduğumuzu qeyd edərək medal və ordenləri onların ailələrinə təqdim etməyi özünə böyük bir fəxr hesab etdiyini deyib.
Bundan sonra şəhid ailələrinə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilən orden və medallar şəhidlərin ailələrinə təqdim olunub. Belə ki, kapitan Musibov Veysəl Yadullayeviçin “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra), mayor Hüseynov Rəhim Qədir oğlunun “Qarabağ” ordeni (ölümündən sonra), kapitan Mustafayev Nurlan Hamlet oğlunun “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı (ölümündən sonra) ailələrinə təhvil verilib.