ELM VƏ TƏHSİL
“ADA” Universitetinin MADİA magistr proqramının 2014-cü il məzunlarının buraxılış mərasimi keçirilmişdir VİDEO
Bakı, 20 iyun (AZƏRTAC, Ülviyyə Məmmədli). İyunun 20-də “ADA” Universitetinin MADİA magistr proqramının 2014-cü il məzunlarının buraxılış mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, buraxılış günü səhər saatlarında Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarının, Şəhidlər xiyabanında isə “Əbədi məşəl” abidəsinin ziyarəti ilə başlanmışdır.
Mərasimdə çıxış edən “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev demişdir ki, bu il ali təhsil ocağının daha 29 tələbəsi diplomatiya və beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini uğurla başa vurmuşdur. Bu, “ADA”nın universitet statusu aldıqdan sonra ilk məzun buraxılışıdır. Məzunlardan 20-si yerli, 9-u xarici tələbələrdir. Budəfəki məzunlar arasında ABŞ, Yunanıstan, Gürcüstan, Kamerun, Polşa, Çexiya, Əfqanıstan, Türkmənistan və Latviyadan tələbələr təmsil olunmuşlar.
Qeyd edilmişdir ki, 2014-cü il məzunlarının arasında olan xarici tələbələr “ADA”da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilən Beynəlxalq Təqaüd Proqramı əsasında təhsil almışlar.
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “ADA”nın Azərbaycan təhsilindəki rolundan danışmış, universitetin son illər böyük uğurlar əldə etdiyini söyləmişdir.
Məzunlar çıxışlarında “ADA”nın onlara verdiyi yüksək biliyə görə təşəkkürlərini bildirmişlər.
Sonda məzunlara diplomları təqdim edilmişdir.