ELM VƏ TƏHSİL
ADAU ilə Kırşehir Ahi Evran Universiteti arasında birgə əməkdaşlıq memorandumu imzalanıb





Gəncə, 19 fevral, Elcan Məmmədov, AZƏRTAC
Türkiyə Respublikasının Kırşehir Ahi Evran Universitetinin rektoru Mustafa Kasım Karahocagilin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlarla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, müasir laboratoriyaları, tədqiqat imkanları və qarşıya qoyduğu hədəflər barədə məlumat verib. Qeyd edib ki, ADAU ilə Türkiyənin Ege Universiteti arasındakı beynəlxalq ikili diplom proqramı ölkəmizdə həyata keçirilən ən uğurlu layihələrdən biridir.
Rektor Mustafa Kasım Karahocagil Aqrar Universitetdə olmaqdan məmnun olduğunu bildirərək, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin maddi-texniki bazası və təcrübə imkanlarından danışıb.
Daha sonra birgə kadr hazırlığı, müəllim-tələbə mübadiləsi və elmi-tədqiqat istiqamətində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Kırşehir Ahi Evran Universiteti arasında birgə əməkdaşlıq memorandumu imzalanıb.