ADAU-nun yay məktəbinin iştirakçıları müxtəlif seminarlarda iştirak ediblər
Gəncə, 22 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Yaşıl gənclik: Dayanıqlı inkişaf məqsədlərinə doğru” adlı yay məktəbinin ilk günü tələbələr müxtəlif seminarlarda iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rəsmi açılış mərasimindən sonra komandalar arasında şəbəkələşmə prosesi keçirilib və “Azərbaycan 2030 yolunda: DİM-lərin kənd təsərrüfatında tətbiqi” mövzusunda komanda işi qruplara təqdim olunub.
Sonra ADAU-nun Elm şöbəsinin müdiri Elçin Nəsirov məktəb iştirakçılarına “Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər” mövzusunda təlim keçib. Təlimdə Elçin Nəsirov DİM-lərin qlobal və yerli səviyyədə tətbiqi, yaşıl texnologiyalar, enerji effektivliyi, sosial bərabərlik və ölkəmizin bu məqsədlərə uyğun strategiyası barədə danışıb.
Günün ikinci yarısında yay məktəbinin iştirakçıları ADAU-nun Tədris-təcrübə təsərrüfatına səfər ediblər. Burada onlar müasir heyvandarlıq kompleksləri, intensiv və super intensiv meyvə bağları və əkin sahələri ilə tanış olublar.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Texnoloji transfer və innovasiya şöbəsinin baş mütəxəssisi Nigar Xıdırova iştirakçılarla görüşərək, onlara Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, iyulun 21–dən 25-dək ADAU-nun kampusunda keçirilən yay məktəbi çərçivəsində iştirakçıların yerləşmə, qidalanma və proqram daxilində logistika xərcləri Aqrar Universitet tərəfindən qarşılanır.