ADPU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil alan Türk Tələbələrin İdarə Heyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdən öncə universitetdə qanvermə aksiyası keçirilib. Universitetin Böyük Akt zalında davam edən tədbirdə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimini açan tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır hərbi cinayət olduğunu deyib. Qeyd edib ki, hər il fevral ayında həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində Xocalı soyqırımına həsr edilmiş müxtəlif tədbirlər keçirilir. Məqsəd dünya ictimaiyyətinin diqqətini Xocalı faciəsinə yönəltməkdir. Ermənilər öz havadarlarının köməyilə Xocalı soyqırımını törətməklə xalqımızı müstəqillik uğrunda mübarizədən yayındırmaq, onun azadlıq ruhunu məhv etmək istəyirdilər. Lakin xalqımız bu faciədən əyilmədi, sınmadı, sarsılmadı və öz müstəqilliyi, dövlətçiliyi uğrunda apardığı mübarizəni daha əzmlə, daha qətiyyətlə davam etdirdi. Azərbaycan inkişaf etdi, gücləndi, bütün dünyada layiqincə tanındı. İnanırıq ki, işğal olunmuş torpaqlarımız ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində azad ediləcək.
Türk Tələbələrin İdarə Heyətinin sədri Hakan Köse çıxışında bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bizim ortaq tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz var. Böyük türk gəncliyi xalq və Vətən uğrunda mübarizəyə həmişə hazırdır.
Tədbirdə Xocalı faciəsi ilə bağlı videoçarx təqdim edilib.
Riyaziyyat və informatika fakültəsinin III kurs tələbəsi Ayşən Əsədova “Ya Qarabağ, ya ölüm!” şerini, həmin fakültənin II kurs tələbəsi Aytən Əsgərova “Qara dastan” şerini səsləndiriblər. Nadejda Rzayeva “Qum sənəti”ni nümayiş etdirib, Azər Səlimov musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin III kurs tələbəsi Elşən Abbaszadənin tarda müşayiətilə “Qarabağ ağısı”nı səsləndirib.