ADU-da “Xocalıya ədalət” mövzusunda tədbir keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Dillər Universitetinin (ADU) ispan dili mərkəzində Azərbaycan-Latın Amerikası Gəncləri (ALAG) İctimai Birliyinin və universitetin ispan dili ixtisası üzrə təhsil alan tələbələrinin təşəbbüsü və təşkilatçılığı ilə ispan dilində “Xocalıya ədalət” mövzusunda tədbir keçirilmişdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirdə tələbələr, müxtəlif ictimai təşkilatların və Azərbaycanda fəaliyyət göstərən Latın Amerikası icmasının nümayəndələri iştirak etmişlər.
ALAG İctimai Birliyinin sədri Mahir Qurbanov tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır. Əsas məqsədin Azərbaycanda yaşayan Latın Amerikası ölkələrinin təmsilçilərinə Xocalı həqiqətlərinin düzgün çatdırılması olduğunu bildirən M.Qurbanov bu istiqamətdə görülən işlərdən danışmışdır.
Sonra Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin dəstəyi ilə ispan dilində hazırlanan və erməni qəsbkarlarının Azərbaycan xalqının başına gətirdiyi müsibətləri əks etdirən qısametrajlı film nümayiş olunmuşdur.
Tədbirdə iştirak edən Azərbaycan Diplomatik Akademiyasının Argentinadan olan tələbəsi Tomas Gerbasio, Azərbaycanda yaşayan meksikalı iş adamı Xose Xavyer Barela, salvadorlu müəllim Karlos Navarette filmdə gördükləri vəhşiliklərdən dəhşətə gəldiklərini bildirmişlər. Onlar öz ölkələrinin bu cür hadisələrə laqeyd qalmadığını və cinayətkarların ədalət məhkəməsində cavab verməli olduqlarını vurğulamış, təcavüzkar monoetnik millətçilik ideologiyasını Cənubi Qafqaz regionunun təhlükəsizliyi və gələcəyi üçün təhdid kimi qiymətləndirmişlər.
ADU-nun ispan dili kafedrasının müəllimi Hüseynağa Əmirov erməni millətçilərinin əsrlər boyu Azərbaycan xalqının başına müsibətlər gətirdiklərini qonaqların diqqətinə çatdırmışdır. O, Xocalıda dinc əhaliyə divan tutan cinayətkarların tezliklə cəzalandırılacağına və Azərbaycanın ərazi bütövlüyünün hüquqi normalarla təmin olunacağına əminliyini bildirmişdir.
Digər çıxış edənlər də Xocalı soyqırımının dünyada təbliği istiqamətində ardıcıl, məqsədyönlü və səmərəli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışlar.