AFC ASED seçmə mərhələ seriyasına start verib
Bakı, 18 mart, AZƏRTAC
“Ased Fighting Championship” (AFC ASED) təşkilatı “Uğur” döyüş arenasında seçmə mərhələ seriyasına start verib.
AFC ASED-dən AZƏRTAC-a bildiriblər ki, ilk mərhələdə 21 döyüş keçirilib.
Günün əsas döyüşlərinə Azərbaycanı MMA üzrə xarici arenalarda təmsil edən tək xanım idmançımız Tünzalə İmanlı və AFC ASED-in məğlubedilməz döyüşçüsü, Ağstafa təmsilçisi Cavad Məhəmmədhəsənov çıxıblar. T.İmanlı rəqibinə 28 saniyəyə boğucu fəndlə qalib gəlib. C.Məhəmmədhəsənov isə rəqibini texniki nakautla məğlub edib.
Ötən il 60 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək nömrə bir idmançı seçilən Əli Əliyev də ilk peşəkar döyüşünü vaxtından əvvəl boğucu fənd ilə başa vurub.
Seçmə mərhələnin ikinci seriyası mayda təşkil olunacaq.