İQTİSADİYYAT
AGBank ən etibarlı banklardan biridir
Bakı, 20 noyabr, AZƏRTAC
Son vaxtlar bəzi xəbər saytlarında AGBankın bağlanması barədə məlumatlar yerləşdirilib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bankın idarə heyəti sədrinin müavini Əfqan Cəlilov həmin xəbərləri şayiə adlandırıb. O deyib: “Bu resurslar mənbələrə istinad etmədən bizim bank haqqında yazırlar. Bundan başqa, bankın bağlanması üçün heç bir maliyyə, iqtisadi və hüquqi əsaslar yoxdur. AGBank bank bazarında artıq 22 ildən çoxdur ki, fəaliyyət göstərir və ən etibarlı banklardan biridir. Ötən il bankın aktivləri 63,5 milyon manat və yaxud 12,4 faiz artaraq 513,1 milyon manata çatıb. Aktivlərin həcminə görə bank ilk səkkizliyə daxildir. Bu dövr ərzində kredit portfeli 40 milyon manat artaraq 372,5 milyon manat, depozit portfeli isə 33,8 milyon manat və yaxud 11,1 faiz artaraq 302,4 milyon manat təşkil edib. Hazırda bankın müştərək kapitalı 53,4 milyon manat təşkil edir.
Ə.Cəlilov yanlış məlumatların yayılması faktına təəssüflənərək bildirib ki, dünya təcrübəsinə uyğun olaraq, KİV-lər maliyyə institutları barədə dəqiqləşdirilməmiş, əsassız informasiyalar dərc etmirlər. Bankın idarə heyəti sədrinin müavini deyib: “Yaxşı olardı ki, bizim informasiya resursları da bu qaydaya əməl edəydilər. İstənilən bank haqqında informasiya onun maliyyə göstəricilərinə əsaslanmalıdır. AGBankın rəsmi saytı var və burada Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun olaraq, AGBankın fəaliyyəti barədə informasiya yerləşdirilib. Həmin informasiyanı Mərkəzi Bankın bülletenində də tapmaq olar”.