AĞDAM RAYONUNUN TƏBİİ SƏRVƏTLƏRİ ON YEDDİ İLDİR Kİ, TALAN EDİLİR
Bakı, 23 iyul (AZƏRTAC). İşğal altında qalmış Ağdam rayonunun təbii sərvətləri 17 ildir ki, talan edilir.
1993-cü il iyulun 23-də rayonun 88395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi Ermənistan tərəfindən işğal olunmuşdur.
Rayonun ümumi ehtiyatları 64863 min kubmetr olan mişar daşı, 140464 min ton Çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalmışdır.
Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 kilometr, su toplayıcı sahəsi isə 657 kvadratkilometrdir.
Ağdam şəhərində yaşı 150-250 olan 14 ədəd, Boyəhmədli kəndi ətrafında isə yaşı 400-ə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktları aşkar etmişdir.
İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilmişdir.
Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində 6330 hektar otlaq sahəsi erməni hərbçiləri tərəfindən yandırılmışdır. Yanğın zamanı “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısına” düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olmuşdur.