Ağdamda konfrans: Azərbaycan Prokurorluğu və Heydər Əliyev
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Prokurorluğu və Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Ağdam, Laçın, Xocalı, Xocavənd rayon prokurorları, Ağdam hərbi prokuroru ilə yanaşı, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı, YAP Ağdam Rayon Təşkilatının sədri, prokurorluq əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və digər eksponatlarla tanış olublar.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi yad edilib.
Konfransda Ağdam rayon prokuroru Vasif Süleymanov, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər çıxış edərək Azərbaycan prokurorluğunun Ulu Öndərin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoymasından, hakimiyyətin bölünməsi prinsipinə əsaslanmaqla məhkəmə hakimiyyətində təmsil olunan müasir, sivil dövlət təsisatı kimi formalaşmasından bəhs edib.
Tədbir zamanı səmərəli fikir mübadiləsi aparılıb, iştirakçılar Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.