Ağdamın təbii sərvətləri ermənilər tərəfindən talan edilir
Ağdam, 23 iyul (AZƏRTAC). İşğal altında qalmış Ağdam rayonunun təbii sərvətləri 20 ildir ki, ermənilər tərəfindən talan edilir.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla bildirir ki, işğaldan əvvəl rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi.
Ağdam rayonunun ümumi ehtiyatları 64.863 min kubmetr olan mişar daşı, 140.464 min ton Çobandağ əhəngdaşı, 44.708 min ton Boyəhmədli və 25.197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalmışdır. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd Şərq çinarı, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılması faktlarını aşkar etmişdir.
İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan Şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və irigövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilmişdir.
Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində və Uzundərə, Yeddixırman, Şahbulaq dağ massivlərində erməni hərbçiləri tərəfindən, ümumilikdə, 17 min 457 hektar otlaq sahəsi yandırılmışdır. Yanğın zamanı “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olmuşdur.