Ağdaşlı ekoloqlar peşə bayramlarını qeyd etmişlər
Ağdaş, 23 may (AZƏRTAC). Ağdaş rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi mayın 23-də peşə bayramlarını qeyd etməyə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlamışdırlar.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən toplantıda çıxış edənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət göstərdiyi müddətdə təbiətin mühafizəsi istiqamətində görülən işlərdən, rayonda meşələrin mühafizəsi və bərpası sahəsində həyata keçirilən tədbirlərdən danışmışlar. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq ölkədə hər il 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Çıxışlarda Ağdaş rayonunda meşələrin mühafizəsi, yeni meşələrin salınmasının və qiymətli ağac tinglərinin yetişdirilməsinin daim diqqət mərkəzində saxlanıldığı vurğulanmışdır. Məlumat verilmişdir ki, cari ildə rayonda 100 hektar sahədə mədəni meşələrin salınması nəzərdə tutulmuşdur. İlin əvvəlində artıq 40 hektar sahədə tinglərin əkini həyata keçirilmişdir. İdarənin tabeliyində olan Ağdaş və Ağzıbir meşəbəyliklərinin ərazisində əsasən şam, qovaq, akasiya və iydə ağaclarından ibarət on minlərlə ağac əkilmiş, Kür çayının kənarındakı Tuqay meşələri genişləndirilmişdir. Ağdaş, Göyçay və Ucar rayonlarında yerləşən 7.500 hektar meşə sahəsini əhatə edən Ağdaş rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin nəzdində böyük tingçilik təsərrüfatı fəaliyyət göstərir. Orada yetişdirilən 700 min ağac tingindən meşəliklərin salınmasında, eləcə də, həmin rayonlarda təşkil edilən ağacəkmə aksiyalarında istifadə olunur.
Bayram mərasimində ekologiya və ətraf mühitin mühafizəsi sahəsində səmərəli fəaliyyətinə görə bir neçə ekoloqa fəxri fərman təqdim edilmişdir.