Ağstafada su təsərrüfatlarının idarə olunmasında bələdiyyələrin iştirakı müzakirə edilib
Ağstafa, 27 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2024–2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 9.2.1.3-cü bəndinin icrası ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, Ağstafa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 9 saylı Qazax-Tovuz Regional Bölməsinin, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul əməkdaşları, Sudan İstifadəedənlər Birliklərinin (SİB) rəhbərləri, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.
Tədbirin əsas məqsədi su təsərrüfatlarının idarə olunmasında bələdiyyələrin iştirakını gücləndirmək, Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətini daha səmərəli və şəffaf şəkildə qurmaq, eyni zamanda, su ehtiyatlarından dayanıqlı istifadəni təmin etməkdir.
Müzakirələr zamanı bələdiyyələrin balansında olan, habelə bələdiyyələrin ərazisində yerləşən, lakin heç bir qurumun balansında olmayan meliorasiya-irriqasiya sistemlərinin mövcud vəziyyəti, bu sistemlərin inventarlaşdırılması və gələcəkdə effektiv idarə olunması istiqamətində fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılara bu sahədə maarifləndirmə və koordinasiyanın gücləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb.