Ağsu rayonunun ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla anmışdır
Ağsu, 20 yanvar (AZƏRTAC). Ağsu şəhərindəki “Qəhrəmanlıq parkı”nda Azərbaycanın azadlığı uğrunda xalqın mübarizəsinin qanla yazılmış şanlı tarixi olan 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü qeyd edilmişdir.
Parka toplaşan rayon ictimaiyyətinin nümayəndələri - ziyalılar, ahıl insanlar, gənclər faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Toplantıda çıxış edənlər 1990-cı il 20 Yanvar faciəsini dağılmaqda olan sovet imperiyası tərəfindən xalqımızın azadlıq mübarizəsinə qarşı yönəldilmiş bir qəsd olduğunu vurğulamışlar. Qeyd edilmişdir ki, o vaxt Bakıya yeridilmiş xüsusi qoşun hissələri ağır hərbi texnikadan istifadə edərək əliyalın insanlara qarşı görünməmiş vəhşiliklər törətmiş, nəticədə yüzlərlə insan, o cümlədən qocalar, qadınlar, uşaqlar, hətta xidməti vəzifəsini yerinə yetirən tibb işçiləri də qətlə yetirilmiş, yaralanmışdır.
Çıxış edənlər qeyd etmişlər ki, faciə zamanı televiziyanın enerji blokunun partladılaraq ölkəmizin informasiya blokadasında saxlanıldığı bir vaxtda xalqımızın qəhrəman oğlu, ümummilli liderimiz Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək heç bir təhlükədən çəkinməyərək bəyanatla çıxış etmiş, hadisələrə hüquqi-siyasi qiymət vermişdir.
Tədbir iştirakçıları təpədən dırnağadək silahlanmış imperiya qüvvələrinə qaşı çıxan azadlıq mücahidlərinin - qəhrəman oğul və qızlarımızın xatirəsinin daim qəlblərdə yaşayacağını söyləmiş, 20 Yanvar hadisələrinin Vətənimizin azadlığı uğrunda mübarizəmizin şanlı tarixi olduğunu vurğulamışlar.
Mərasimə toplaşanlar sonda torpaqlarımızın azadlığı uğrunda şəhid olan ağsulu azadlıq mücahidlərinin uyuduğu şəhidlər qəbiristanlığına getmiş, məzarların üzərinə çiçəklər düzmüş, canlarını Vətən və xalq yolunda fəda etmiş igid oğul və qızlarımızın xatirəsini ehtiramla yad etmişlər.