AĞSU: SOSİAL-İQTİSADİ İNKİŞAF DİNAMİK XARAKTER ALIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yanvarın 31-də Ağsu şəhər mədəniyyət sarayında ərazi icra nümayəndəlikləri və bələdiyyə sədrlərinin, dövlət idarələri və özəl bölmə rəhbərlərinin, ictimai təşkilatların və rayon fəallarının iştirakı ilə geniş müşavirə keçirilmişdir. Müşavirədə “2004-cü ildə rayonda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələr barədə” rayon icra hakimiyyətinin başçısı Əflatun Rufiyevin hesabatı dinlənilib müzakirə olunmuşdur.
Məruzə və çıxışlarda səslənən fikirlər, statistik təhlillər göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıya qoyduğu mühüm vəzifələrin ardıcıl surətdə yerinə yetirilməsi sahəsində rayonda xeyli iş görülmüşdür. Əsasən kənd təsərrüfatı rayonu olan, əhalisinin 90 faizi bu sahədə çalışan Ağsuda bitkiçilik və heyvandarlıq məhsulları istehsalı artmışdır. Bu, sakinlərin real gəlirlərinin artmasına, həyat səviyyəsinin yüksəlməsinə təsir göstərmişdir. 2004-cü ildə 80 milyard manatlıq - əvvəlki ildəkindən 8,2 faiz çox kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. 2003-cü illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 207 baş artaraq 38 min 493 başa, davarların sayı 5 min 739 baş artaraq 137 min 746 başa çatmışdır. Kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalı bütünlüklə özəl bölmənin payına düşür.
Rayonda keçən il pərakəndə əmtəə dövriyyəsi 85,7 milyard manat olmuşdur. Bu da əvvəlki ildəkindən 7,9 milyard manat çoxdur. Adambaşına əmtəə dövriyyəsi 1 milyon 296 min manat, yaxud əvvəlki ildəkindən 179 min manat çox olmuşdur. Sənaye məhsullarının ümumi həcmi 2003-cü ilə nisbətən 38 faiz artmışdır.
Özəl bölmənin inkişafına göstərilən diqqət, sahibkarlar üçün yaradılan əlverişli şərait bölgədə yeni istehsal və emal müəssisələrinin, xidmət obyektlərinin açılmasına imkan vermiş, yüzlərlə yeni iş yeri yaradılmışdır. Ötən il açılan 1793 iş yerinin 701-i daimidir.
Müşavirədə iqtisadi və sosial-mədəni həyatın bütün sahələri təhlil edilmiş, qazanılmış uğurlarla yanaşı, nöqsanlardan da danışılmışdır. Xüsusilə əhalinin elektrik enerjisi və təbii qazla təminatındakı çatışmazlıqlardan geniş bəhs olunmuşdur.
Müşavirədə Prezidentin İcra Aparatının məsul işçisi Nurəddin Hüseynov çıxış etmişdir.