Aİ-nin Ermənistana göndərəcəyi missiya Rusiya-Ermənistan münasibətlərini daha da kəskinləşdirəcək - RƏY
Bakı, 24 yanvar, AZƏRTAC
Ermənistan iqtidarı ölkədə baş verən özbaşınalıqlar fonunda siyasi savadsızlığın acı nəticələri ilə üzləşib. Ölkənin xarici siyasət kursunda sabit xətt yoxdur. Bütün dövlət aparatı və idarəetmə institutları iflic vəziyyətindədir. Bu qədər səbatsızlıqlar fonunda baş nazir Nikol Paşinyan və onun bacarıqsız komandası indi çətin sınaqlar qarşısındadır. Azərbaycan və Türkiyə ilə dürüst siyasət apararaq əlaqələri normallaşdırmaqdan başqa Ermənistanın heç bir qurtuluş şansı yoxdur. Eyni zamanda, revanşist qüvvələrin daxildə N.Paşinyan komandasına təzyiqləri və həmçinin Rusiya siyasi elitası ilə Ermənistan hakimiyyəti arasında çatların dərinləşməsi ölkə hakimiyyətinin çıxılmaz vəziyyətdə qalmasını şərtləndirir. Bu gün sorosçuların iqtidar komandası İrandakı mollakratiyadan Fransadakı lobbist siyasətçilərə qədər hər geosiyası burulğandan faydalanmağa çalışır. Ermənistanın “tarixi missiyası” isə dəyişməz olaraq qalır - Azərbaycan və Türkiyə əleyhinə forpost və təsir rıçaqı kimi Ermənistandan istifadə edilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
Ermənistanın xarici güclərin plasdarmına çevrildiyini vurğulayan politoloq qeyd edib: “Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl verdiyi vədlərin heç birini gerçəkləşdirə bilmir. Əksinə, Ermənistanın iqtisadi vəziyyəti hər gün daha çox mənfi çalarlarla zənginləşir. Belə olan təqdirdə, Gümrüdəki Rusiya hərbi bazası, İranın Qafandakı konsulluğu da daxil olmaqla teokratik İran casusları, bütün Ermənistan ərazisinə yayılan sorosçu imperialist agentura şəbəkələri Ermənistandan nələrsə qoparmaq üçün təsirlərini artırmağa cəhd göstərirlər. Ermənistan əraziləri hakim komanda tərəfindən xarici təsisatlara və ölkələrə peşkəş edilir. Nəticə isə göz qabağındadır. Ermənistanı sülhdən yayındırılır və regionda xaosda maraqlı olan qüvvələrin basqılarını daha da radikallaşır”.
Tural İsmayılov bildirib ki, Avropa İttifaqının Ermənistana hansısa missiyalar göndərməsi yekdil qərarın nəticəsi deyil. Aİ daxilində missiya ilə bağlı yekdil qərar yoxdur. Ümumiyyətlə, ikiillik mülki missiyanın hansı işlər görəcəyi də tam bəlli deyil. Əgər əsas məqsəd Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlıdırsa, o zaman Şarl Mişelin moderatorluğu ilə Brüsseldə uğurlu format təsis edilmişdi. Azərbaycan Prezidenti bu formatın yararlı olduğunu dəfələrlə bildirib. Eyni zamanda, hadisələrin sonrakı məcrası da göstərdi ki, Aİ daxilində ciddi kataklizmlər mövcuddur. Avropa İttifaqının moderatorluğunu Fransa və Ermənistan sabotaj etdi. Həmçinin Aİ daxilində mövcud olan uğurlu kommunikasiya strategiyası da iflasa uğrayıb. Bu gün Şarl Mişel, Ursula Fon der Lyayen, Cozef Borrel kimi önəmli siyasi fiqurlar Azərbaycanın siyasi əhəmiyyətini qeyd edirlər. Avropa Parlamenti kimi korrupsiyaya bulaşan qurumlar isə bütün Avropanın siyasi fikirlərini əsla ifadə edə bilməz.
Ekspert hesab edir ki, Aİ-nin Ermənistana göndərdiyi ikiillik missiya Rusiya ilə Ermənistan arasında münasibətləri daha da pisləşdirəcək. “Hər kəs bilir ki, Ermənistana gələn Aİ missiyası N.Paşinyanın rəsmi Moskvaya qarşı növbəti demarşıdır. Burada vacib nüanslardan biri də odur ki, Rusiya ilə Qərb arasındakı geosiyasi qarşıdurma Ermənistan səbəbindən daha da dərinləşəcək”.