AİB rəsmisi: Metan emissiyalarının azaldılmasında əsas məsələ maliyyələşdirmə mexanizmlərinin yaradılmasıdır
Bakı, 7 sentyabr, AZƏRTAC
Metan emissiyalarının azaldılması üçün əsas problem iqtisadi imkanların çatışmazlığı deyil, bu istiqamətdə zəruri stimulların, monitorinq, hesabatlılıq və verifikasiya sistemlərinin, eləcə də maliyyələşdirmə mexanizmlərinin yaradılmasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən "Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə" mövzusunda sessiyada çıxışında Asiya İnkişaf Bankının (AİB) mütəxəssisi Tron Svanes deyib.
Onun sözlərinə görə, AİB-in fəaliyyət göstərdiyi bir sıra ölkələrdə metan layihələrinin investisiya prioritetləri sırasında önə çıxarılması üçün kifayət qədər stimul yoxdur. Xüsusilə milli neft şirkətləri hasilata və gəlirlərə birbaşa təsir edən məsələlərə üstünlük verirlər.
“Etibarlı ölçmələr və monitorinq, hesabatlılıq və verifikasiya sistemləri investorlar və iqlim maliyyəsi təminatçıları üçün mühüm əhəmiyyət daşıyır. AİB bu istiqamətdə inkişaf etməkdə olan ölkələrlə əməkdaşlıq edir. Metan emissiyalarının azaldılması çoxsaylı kiçik tədbirlərdən ibarət olduğundan onların müəyyənləşdirilməsi və prioritetləşdirilməsi əlavə xərclər yarada bilər. Bu baxımdan kiçik investisiyaların iri proqramlar çərçivəsində birləşdirilməsi layihələrin miqyasının artırılmasına və maliyyənin cəlb edilməsinə imkan verir. Bunun üçün hökumət səviyyəsində koordinasiya, etibarlı ölçmələr və monitorinq, hesabatlılıq və verifikasiya sistemləri sistemlərinin uyğunlaşdırılması və emissiya azaldılmasının ikiqat hesablanmasının qarşısının alınması vacibdir”, - deyə AİB-in enerji üzrə mütəxəssisi fikrini yekunlaşdırıb.