bp yerli universitetlərdə bərpaolunan enerji sahəsində təhsilə dəstək göstərib
Bakı, 7 sentyabr, AZƏRTAC
Bu gün bp Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) müasir bərpaolunan enerji laboratoriyası hədiyyə edib.
AZƏRTAC xəbər verir ki, bu, şirkətin Azərbaycanda bərpaolunan enerji sahəsində təhsil və bacarıqların inkişafına verdiyi dəstəyin növbəti mühüm mərhələsidir.
Laboratoriyanın yaradılması bp-nin bərpaolunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanmasına yönəlmiş 2 milyon dollarlıq sosial sərmayə təşəbbüsünün yekun hissəsidir.
Təşəbbüs 2021-ci ildə Azərbaycan Respublikasının Elm vəTəhsil Nazirliyi və bp arasında yerli universitetlərin birində bərpaolunan enerji mənbələri üzrə proqramın yaradılması ilə bağlı imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna əsaslanır. Bunun ardınca bp ilə ADNSU arasında bərpaolunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması üçün saziş imzalanıb və nəticədə 2023-cü ildə ADNSU tərəfindən Böyük Britaniyanın Uorik (Warwick) Universiteti ilə tərəfdaşlıqda həyata keçirilən bərpaolunan enerji üzrə ikili diplom magistr proqramı təsis edilib.
Yeni laboratoriya bərpaolunan enerji sahəsində üç əsas istiqamət olan Günəş, külək və hidrogen enerjisi üzrə tədris, təlim və tətbiqi tədqiqat fəaliyyətlərini dəstəkləmək məqsədilə yaradılıb. Qabaqcıl eksperimental və simulyasiya sistemlərilə təchiz edilmiş bu laboratoriya tələbələrə, müəllimlərə və tədqiqatçılara praktiki təcrübələr aparmaq, nəzarət olunan şəraitdə ölçmələr həyata keçirmək, enerjinin çevrilməsi proseslərini müşahidə etmək və ixtisaslaşmış proqram təminatı vasitələrindən istifadə etməklə sistemlərin icra göstəricilərini təhlil etmək imkanı yaradır.
Laboratoriya sənayedə istifadə olunan müvafiq texnologiyalara və praktiki təlim imkanlarına çıxış təmin etməklə akademik biliklərin enerji sahəsində real tətbiqi ilə əlaqələndirilməsinə kömək edəcək. Laboratoriyanın inteqrasiya olunmuş şəkildə layihələndirilməsi, həmçinin bərpaolunan enerjinin hər üç istiqaməti üzrə fənlərarası tədris və tədqiqat fəaliyyətlərinin aparılmasına imkan verir.
Layihə çərçivəsində bp laboratoriyanın səmərəli fəaliyyəti üçün lazım olan infrastrukturun və resursların təmin edilməsinə də dəstək göstərib. Bura İT avadanlıqlarının, proqram təminatı lisenziyalarının, mebel təchizatının, ilk tibbiyardım və təhlükəsizlik avadanlıqlarının təmin olunması, eləcə də laboratoriya sahəsinə aid tikinti və təmir-bərpa işlərinin həyata keçirilməsi daxildir.
“Gələcəyin enerji sistemlərinin tələb etdiyi bilik və bacarıqların inkişafı üçün həm insan kapitalına, həm də təhsil infrastrukturuna sərmayə qoymaq olduqca vacibdir. Bərpaolunan enerji üzrə magistr proqramına dəstək verməkdə və ADNSU-da bu yeni laboratoriyanı yaratmaqda məqsədimiz tələbə və tədqiqatçılar üçün sürətlə dəyişən enerji sektorunda əhəmiyyəti getdikcə artan texnologiyalar üzrə praktiki təcrübə imkanı yaratmaqdır. Ümid edirik ki, bu təşəbbüs ölkədə bərpaolunan enerji sahəsində bacarıqların artırılmasına, tədqiqat və tədris imkanlarının gücləndirilməsinə və Azərbaycanın enerji keçidini dəstəkləyəcək yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verəcək”, - deyə laboratoriyanın açılış mərasimində çıxış edən bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
bp-nin magistr proqramına dəstəyi bərpaolunan enerji laboratoriyasının yaradılması və müvafiq infrastruktur və avadanlığın təmin edilməsindən əlavə aşağıdakı fəaliyyətləridə əhatə edib:
• Yerli akademik potensialın gücləndirilməsi üçün bacarıqların artırılması və professor-müəllim heyətinin inkişafına yönəlmiş tədbirlər. Bura ADNSU-nun akademik heyətinin 45 üzvü üçün ingilis dili təlimləri və Uorik Universiteti ilə bilik və təcrübə mübadiləsi imkanlarının yaradılması daxildir.
• Proqram üzrə ümumilikdə 70 nəfər tələbədən ibarət birinci və ikinci tədris qruplarına dəstək, o cümlədən qonaq professorların iştirakı və ADNSU tələbələri üçün Böyük Britaniyada yay məktəbi proqramına qatılmaq imkanı.