Yaponiyalı iştirakçı: Bakı İqlim Həftəsi qlobal iqlim diplomatiyasının praktiki icrasına töhfə verir
Bakı, 7 sentyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsini çox əhəmiyyətli hesab edirəm. Bu tədbir Azərbaycanın uzaqgörən liderliyinə və COP29-un irsinə əsaslanmaqla qlobal iqlim diplomatiyasının praktiki icraya çevrilməsinə töhfə verir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Yaponiyada yerləşən Qlobal Ətraf Mühit Strategiyaları İnstitutunun əməkdaşı Vey Çin deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə danışıqlardan real fəaliyyətə və yüksək bütövlüyə malik karbon bazarlarının tətbiqinə keçid vacibdir. “Bunun üçün, ilk növbədə, özəl kapitalın səfərbər edilməsi, Paris Sazişinin 6-cı maddəsi çərçivəsində əməkdaşlıq mexanizmlərindən istifadə olunması və investisiyaların emissiyaların azaldılmasına daha böyük töhfə verə biləcək sahələrə yönəldilməsi lazımdır. Eyni zamanda, ölkələrin karbon bazarlarında iştirak üçün institusional və texniki hazırlığının gücləndirilməsi, şəffaf reyestrlərin və müvafiq icazə mexanizmlərinin yaradılması vacibdir.
Karbon kreditlərinin real və əlavə emissiya azalmalarını əks etdirməsi, eləcə də ikiqat hesablamanın qarşısının alınması üçün səmərəli idarəetmə mexanizmləri təmin olunmalıdır. Azərbaycanın əməkdaşlıq üçün yaratdığı bu platforma çərçivəsində iqlimlə bağlı öhdəliklərin daha sürətli və geniş miqyasda həyata keçiriləcəyinə ümid edirəm”, - deyə Vey Çin bildirib.
Müxbirlər - Günel Türksoy, Nərmin Muradzadə