Franko Luçerini: Emissiyaların azaldılması iqtisadi fayda yaradan investisiya kimi qiymətləndirilməlidir
Bakı, 7 sentyabr, AZƏRTAC
Metan emissiyalarının azaldılması üçün müxtəlif texnologiya və həllər mövcuddur. Emissiyaların azaldılması layihələri yalnız xərc kimi deyil, həm ekoloji, həm də iqtisadi fayda yaradan investisiya kimi qiymətləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu "Baker Hughes" şirkətinin satış və həllərin arxitekturası üzrə direktoru Franko Luçerini Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW) çərçivəsində keçirilən "Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə" adlı panel sessiyada çıxış edərkən deyib.
O qeyd edib ki, neft-qaz sənayesində emissiyalar əsasən metan və CO₂ emissiyaları, həmçinin əməliyyat səmərəsizliyi nəticəsində yaranan qarşısı alınabilən emissiyalar olmaqla 3 əsas kateqoriyaya bölünür. Xüsusilə məşəldə yandırma həm ətraf mühitə mənfi təsir göstərir, həm də resurs itkisinə səbəb olur: "Emissiyaların xarakterinin müəyyənləşdirilməsi, monitorinqi və konkret obyekt üçün ən səmərəli texnologiyanın seçilməsi vacibdir. Eyni zamanda, yeni layihələrdə emissiyaların azaldılmasına imkan verən texnologiyaların ilkin mərhələdən tətbiqi mövcud “brownfield” obyektlərində sonradan dəyişikliklərin edilməsindən daha səmərəlidir".