Lola Odunsi: Gələcəkdə emissiya məlumatlarından əməliyyat proseslərinə töhfə verən vasitə kimi istifadə olunacaq
Bakı, 7 sentyabr, AZƏRTAC
Qarşıdakı 5 il ərzində emissiya əmsallarından və təxmini hesablamalardan daha çox faktiki ölçmələrə, hətta real vaxt rejimində monitorinqə keçidi görəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu “GHGSat” şirkətinin region üzrə hesab direktoru Lola Odunsi Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində “Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, qarşıdakı 5 ildə peyklər, dronlar, təyyarələr və yerüstü ölçmələrdən əldə olunan məlumatların vahid platformada inteqrasiyası, eləcə də monitorinqin daha tez-tez aparılması gözlənilir. Onun sözlərinə görə, məlumatların həcminin artması emissiya mənbələrinin müəyyənləşdirilməsinə və hansı ərazilərə prioritet diqqət yetirilməli olduğunu müəyyən etməyə imkan verəcək.
Lola Odunsi qeyd edib ki, 2021-ci ildə “GHGSat”da iki peyk olduğu halda, hazırda onların sayı 18-ə çatıb və bu say artmaqda davam edir. O bildirib ki, məlumatların daha sürətli emalı nəticələrin operatorlara daha operativ çatdırılmasına şərait yaradacaq.
GHGSat-ın rəsmisi diqqətə çatdırıb ki, 2025-ci ildə aşkarlanan emissiyaların yalnız 16 faizi davamlı xarakter daşıyıb. Bu baxımdan, müəssisələrdə daha müntəzəm monitorinqin aparılması vacibdir.
O vurğulayıb ki, gələcəkdə emissiya məlumatlarından yalnız məlumat kimi deyil, əməliyyat proseslərinə və qərarların qəbuluna töhfə verən vasitə kimi istifadə olunacaq. Eyni zamanda, müxtəlif operatorlar arasında əməkdaşlığın və təcrübə mübadiləsinin güclənməsi metan emissiyalarının azaldılmasına kömək edəcək.
Lola Odunsi bildirib ki, OGCI və OGDC ilə əməkdaşlıq çərçivəsində İraq, Qazaxıstan, Əlcəzair, Misir və Azərbaycanda işlər aparılıb. O, həmçinin Azərbaycanda 7 metan emissiyası mənbəyinin müəyyən edildiyini və onların hamısının aradan qaldırıldığını qeyd edib.