SOCAR-ın vitse-prezidenti: Metan emissiyalarını azaltmaq daha asandır
Bakı, 7 sentyabr, AZƏRTAC
Metan emissiyalarının aşkarlanması və azaldılması CO₂ emissiyalarının tutulması və digər dekarbonizasiya tədbirləri ilə müqayisədə daha asandır. Bunun üçün maliyyələşmə əldə etmək də daha asandır. Çünki söhbət faktiki olaraq təbii qazdan gedir, onu yenidən sistemə qaytarmaq və hətta satmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW2026) çərçivəsində keçirilən “Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Əfqan İsayev bildirib ki, metan emissiyalarının azaldılması proqramının hazırlanmasına SOCAR 2023-cü ilin sonlarında Boston Consulting Group (BCG) ilə əməkdaşlıq çərçivəsində başlayıb. Onun sözlərinə görə, istifadə olunan zaman perspektivindən asılı olaraq, 1 ton metan emissiyasının azaldılması 30-83 ton CO₂ ekvivalentinə bərabər ola bilər.
SOCAR-ın rəsmisi qeyd edib ki, BCG və SOCAR komandasının birgə səyləri nəticəsində hazırlanmış proqramın icrasına 2024-cü ilin əvvəlində başlanılıb. O bildirib ki, SOCAR 2023-cü ildə “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) qoşulub, daha sonra isə OGCI və GHG SAT ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində böyükhəcmli metan emissiyaları aşkarlanaraq aradan qaldırılıb.
Onun sözlərinə görə, növbəti mərhələdə “TotalEnergies” ilə əməkdaşlıq çərçivəsində OGI, həmçinin metan sızmalarının aşkarlanması üçün “sniffer” texnologiyalarından istifadə olunub. Əfqan İsayev proqramın SOCAR üçün səmərəli olduğunu bildirib: “Məsləhətçilərə ödədiyimiz vəsaiti faktiki olaraq qazı müəyyən etməklə, onu yenidən sistemə qaytarmaqla və satmaqla geri qazandıq. Həmin proqram sayəsində “Boston Consulting Group” ilə birlikdə "Oil and Gas Methane Partnership 2.0 – Neft və Qaz Metan Tərəfdaşlığı 2.0”ın üzvü ola bildik. BCG ilə birlikdə “Methane AI” alətini də hazırladıq. Həmin alət hazırda bizə metan emissiyalarının aşkarlanmasını davam etdirməyə kömək göstərir. Biz bu proqramı, monitorinqi, əsasən də emissiyaların azaldılması üzrə fəaliyyətimizi davam etdiririk və bunu gələcəkdə də həyata keçirəcəyik".