“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub
Moskva, 7 sentyabr, AZƏRTAC
Moskvada “İRS-Nasledie” jurnalının növbəti nömrəsi nəşr edilib.
AZƏRTAC xəbər verir ki, yeni nömrədə əsas yeri böyük Azərbaycan şairi və mütəfəkkiri, orta əsrlər Şərq intibahının ən böyük nümayəndələrindən biri Xaqani Şirvaninin (1126–1199) anadan olmasının 900 illiyinə həsr olunmuş məqalə tutur.
Məqalədə təkcə Şərq ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən böyük ustadlarından biri kimi tanınan şairin həyat və yaradıcılığı haqqında bəhs olunur. Xaqani Şirvani hələ gənc yaşlarında Şirvanşahların saray şairi olub. O, sarayda keçirdiyi uzun illər ərzində həm hörmət və ehtiram, həm də hökmdarların lütfünü, sonda isə sürgün edilməsinə səbəb olan saray çəkişmələrini və böhtanları görüb. Bütün sınaqlara baxmayaraq, şair saraydaxili çəkişmələrdən kənar qalaraq ləyaqətini daim qoruyub saxlayıb.
Jurnal ənənəvi olaraq Azərbaycan tarixinə böyük diqqət yetirir. Nəşrdəki məqalələrdən biri ölkənin 1920-ci ildə sovetləşdirilməsi dövründə siyasi terrorizm mövzusuna həsr olunub. Məqalədə erməni “Daşnaksütyun” partiyasının üzvləri tərəfindən Tiflisdə (indiki Tbilisi) Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri — keçmiş baş nazir Fətəli xan Xoyski və keçmiş ədliyyə və daxili işlər naziri Həsən bəy Ağayevin qətlə yetirilməsindən bəhs olunur.
Material müxtəlif siyasi istiqamətləri təmsil edən Tiflis qəzetlərində dərc olunmuş yazılar əsasında hazırlanıb. Həmin dövrün nəşrlərinin əksəriyyəti azərbaycanlı dövlət xadimlərinin qətlə yetirilməsini bolşevik rejiminin AXC nümayəndələrinə qarşı yönəlmiş siyasəti ilə əlaqələndirirdi.
Oxucular üçün tanınmış azərbaycanlı neft sənayeçisi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Xəzər dənizində neftin dəniz yolu ilə daşınması sahəsindəki fəaliyyətinə həsr olunmuş məqalə də maraqlı olacaq. O, 45 gəmi sahibini birləşdirən ittifaqa rəhbərlik edərək bu sahədə Rusiya kapitalının inhisarına qarşı mübarizə aparıb. Məqalədə, həmçinin Tağıyevin rəqiblərinin əl atdıqları üsullar və onun sonradan neft daşımaları sahəsindən sıxışdırılıb çıxarılmasına səbəb olan hallar nəzərdən keçirilir.
Yeni nömrədə oxuculara Azərbaycan tarixini və müasir həyatını daha dərindən öyrənməyə kömək edəcək digər materiallar da təqdim olunub.