Köpükdə yanma prosesi necə baş verir? - kimya müəllimindən maraqlı təcrübə
Bakı, 7 sentyabr, AZƏRTAC
Kimya dərslərində əyani təcrübələr şagirdlərin nəzəri bilikləri praktik şəkildə mənimsəməsinə imkan yaradır.
Bakı şəhəri 161 nömrəli tam orta məktəbin kimya müəllimi Təranə Əmiraslanlı AZƏRTAC-a müsahibəsi zamanı təqdim etdiyi təcrübədə şampun və qazdan istifadə olunmaqla köpükdə yanma prosesinin necə baş verdiyini əyani şəkildə göstərib.
Müəllim əvvəlcə şampunun su ilə qarışdırılması nəticəsində köpük əmələ gətirildiyini, daha sonra isə köpüyün tərkibində yanıcı qazın iştirakının yanma prosesinə təsirini izah edib.
Təcrübənin əsas məqsədi şagirdlərə yanma üçün yanıcı maddə, oksigen və alışma mənbəyinin vacibliyini praktik şəkildə göstərmək, eyni zamanda, qazların fiziki-kimyəvi xüsusiyyətləri barədə təsəvvürlərini genişləndirmək olub.
Müəllim bildirib ki, belə təcrübələr şagirdlərin kimya fənninə marağının artırılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, şagird yalnız dərslikdə oxuduğu prosesi müşahidə etdikdə mövzunu daha yaxşı qavrayır və nəzəri biliklə praktik hadisə arasında əlaqə qurmağı öyrənir.
Təranə Əmiraslanlı qeyd edib ki, müasir kimya dərslərində əyani təcrübələrin xüsusi əhəmiyyəti var: “Kimya yalnız düsturların və reaksiyaların öyrənilməsi deyil. Şagird maddələrin xüsusiyyətlərini müşahidə etməli, baş verən hadisənin səbəbini izah etməyi bacarmalıdır. Təcrübələr də məhz bu baxımdan dərsin daha maraqlı və yaddaqalan olmasına imkan yaradır”.
Təcrübə zamanı yanıcı qazdan istifadə edildiyi üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyi də diqqətə çatdırılıb. Yanıcı qazlarla bağlı əməliyyatların yalnız müvafiq təhlükəsizlik şəraiti və mütəxəssis nəzarəti altında aparılmalı olduğu vurğulanıb. Belə praktik məşğələlər şagirdlərdə müşahidə, analiz və səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək bacarıqlarının inkişafına, eləcə də kimya elminə marağın artırılmasına xidmət edir.