“Multikulturalizmə qlobal baxışlar – Beynəlxalq müsahibələr-1” kitabı nəşr olunub
Bakı, 7 sentyabr, AZƏRTAC
Fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasovun “Multikulturalizmə qlobal baxışlar – Beynəlxalq müsahibələr-1” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabda dünyanın müxtəlif ölkələrində multikulturalizm sahəsində fəaliyyət göstərən tanınmış alim və tədqiqatçılarla müsahibələr, onların mədəni müxtəliflik və multikulturalizmin müasir cəmiyyətlərdəki rolu ilə bağlı analitik fikirləri toplanıb.
Kitabın əsas xüsusiyyətlərindən biri multikulturalizmə müxtəlif elmi və ictimai-siyasi yanaşmaların təqdim olunmasıdır. Topluda yer alan alimlər fərqli elmi məktəbləri, siyasi və mədəni mühitləri təmsil etsələr də, onların fikirlərində ortaq məqam – mədəni müxtəlifliyin müasir cəmiyyətlərin ayrılmaz xüsusiyyəti olması xüsusi yer tutur.
Müsahibələrdə multikulturalizmin vahid və dəyişməz model olmadığı, onun tətbiqinin ayrı-ayrı ölkələrin tarixi inkişaf yolu, siyasi sistemi, hüquqi ənənələri, demoqrafik xüsusiyyətləri və ictimai dəyərləri ilə sıx bağlılığı vurğulanır.
Toplu oxucuya multikulturalizmin müxtəlif nəzəri istiqamətlərini və praktik tətbiq formalarını müqayisəli şəkildə nəzərdən keçirmək imkanı yaradır. Bu baxımdan, kitab yalnız elmi araşdırma mənbəyi kimi deyil, həm də siyasətçilər, dövlət qurumlarının əməkdaşları, müəllimlər, tələbələr və multikulturalizm məsələləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün faydalı vəsait kimi əhəmiyyət daşıyır.
Kitabın elmi məsləhətçisi Ankara Universiteti Sosial Elmlər Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Qiyas Şüküroğludur.