ADPU-nun kafedra müdiri: Tarixi abidələrin qorunması hər birimizin mənəvi borcudur
Bakı, 7 sentyabr, AZƏRTAC
Tarixi və memarlıq əhəmiyyətli binalara, abidələrə və digər mədəniyyət nümunələrinə münasibətdə xüsusi həssaslıq nümayiş etdirilməlidir. Şuşa kimi tarixi şəhərdə bu məsələ daha da həssasdır. Hər bir daş, hər bir divar şəhərin ümumi simasının və milli irsimizin bir parçasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova söyləyib. O qeyd edib ki, Azərbaycan mədəniyyətinin dünyada ən böyük və fərqli xüsusiyyəti onun dərin multikultural və tolerant təbiətidir. Çünki bu torpaqlarda əsrlər boyu Qafqaz albanları, yəhudilər, talışlar, ləzgilər, avarlar, kürdlər və digər çoxsaylı etnik qruplar heç bir təzyiq görmədən öz mədəni kimliklərini qorumuş, eyni zamanda, ümumi Azərbaycan mədəniyyətini öz çalarları ilə daha da zənginləşdirmişlər.
“Qədim dövrdən bəri hərb tariximizin mərhələlərinə nəzər saldıqda görürük ki, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin apardığı hərbi qarşıdurmalar dövrün qanunlarına, ədalət prinsiplərinə uyğun olaraq həyata keçirilib. Təəssüf ki, 30 ildən artıq Azərbaycanın Qarabağ bölgəsini və digər ərazilərini işğal etmiş erməni işğalçılarından bu mənəvi-insani dəyərləri görə bilməmişik. Torpaqlarımızın işğalı zamanı azərbaycanlılara qarşı Xocalı, Bağanis Ayrım, Ağdaban, Qaradağlı soyqırımlarında öz qeyri-insani əməllərini və vəhşiliklərini nümayiş etdirən ermənilər, bütün müharibə qanunlarını pozaraq, beynəlxalq hüququn prinsiplərini tapdalayaraq, Azərbaycanın yaşayış məntəqələrini dağıdıcı silahlarla atəşə tutaraq şəhərlərimizə ciddi ziyan vurublar. Mədəni irsi qorumaq sadəcə qədim abidələri və əşyaları muzey vitrinlərinə qoyub onlara tamaşa etmək demək deyil. Mədəni irsi qorumaq o zaman tam və canlı olur ki, biz həmin köklü dəyərləri müasir insanların gündəlik həyat tərzinə, təhsil və tərbiyə sistemimizə, həmçinin bu gün yaranan yeni yaradıcılıq nümunələrinə düzgün şəkildə inteqrasiya edə bilək və onları gələcək nəsillərə ötürə bilək”, - deyə alim bildirib.
N.Əhmədova əlavə edib ki, son vaxtlar Şuşaya səfər edən bəzi yerli turistlərin qaya və daşlara adlar, yazılar həkk etməsi ilk baxışda bəlkə də sadə bir insanın məsuliyyətsiz davranışı kimi görünə bilər. Lakin əslində bu hərəkət Şuşa kimi strateji əhəmiyyətli, böyük şəxsiyyətlər, qəhrəmanlar yetişdirmiş, sıldırım qayalarında mənfur düşmənlə əlbəyaxa vuruşmuş tarixi şəhərin simasına ən azı böyük ləkədir. Güllə izlərinin, dağıntıların şahidi olmuş Şuşa şəhərində belə bir hərəkət yolverilməzdir.
İşğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri insanların rahat, təhlükəsiz şəraitdə yaşamasını təmin etməyə yönəlib. Nəinki onun tarixi və mədəni simasını korlamağa! Vətən torpağının hər daşı, qayası doğmadır, əzizdir. Onu qorumaq isə vətəndaşlıq borcumuzdur. Bunların qorunması həm dövlət qurumlarının, həm də cəmiyyətin, insanların məsuliyyətidir.
Şəhidlərimizin uğrunda canlarından keçdikləri torpağı gülüstana döndərmək, onun tarixini gələcək nəsillərə anlatmaq üçün tədris ocaqlarında vətənpərvərlik hisslərini gücləndirmək ən düzgün yoldur. Hər bir insan tarixi abidələrə, qalalara, daşlara qarşı diqqətli və məsuliyyətli davranmalıdır. Daşlara yazı yazmaq, onları dağıtmaq, çirkləndirmək, tarixi görünüşünü dəyişdirənlərə qarşı mübarizə aparmaq hər birimizin mənəvi borcumuzdur.
Müxbir - Xatirə Cəfərova