“Binaların Enerji Səmərəliliyinin Sertifikatlaşdırılması və Rəqəmsal Tikinti Pasportları” – Dəyirmi masa
Bakı, 7 sentyabr, AZƏRTAC
“Bakı İqlim Fəaliyyətləri Həftəsi 2026” (BCAW2026) çərçivəsində "Binaların Enerji Səmərəliliyinin Sertifikatlaşdırılması və Rəqəmsal Tikinti Pasportları" mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Energetika Nazirliyinin şöbə müdiri Cahid Mikayılov enerji səmərəliliyinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb: "Uzun illər enerji siyasətində əsas sual belə qoyulurdu: "Nə qədər enerji istehsal edə bilərik?" Azərbaycan, bəlkə də, bu suala əsas dolğun şəkildə cavab tapan ölkələrdən biridir".
Onun sözlərinə görə, enerji səmərəliliyi əlavə istehsal gücü yaratmadan tələbatın bir hissəsinin qarşılanmasına, enerji sisteminə düşən yükün azaldılmasına, istehlakçıların xərclərinin optimallaşdırılmasına və ən əsası da atmosferə atılan karbon qazı emissiyalarının azaldılmasına imkan verir.
Azərbaycanda bu il enerjidən səmərəli istifadə və enerji effektivliyi haqqında qanunun qüvvəyə mindiyini qeyd edən şöbə müdiri müvafiq qaydalara əsasən, 2027-ci ilin yanvarından etibarən yeni tikilən, qurulan və əsaslı təmir olunan binaların enerji effektivliyinin qiymətləndirilməsinin və onların pasportlaşdırılmasının planlaşdırıldığını bildirib.
Türkiyədə uzun illərdir bina sektorunun transformasiyası və bu sahədəki qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində intensiv şəkildə çalışdığını qeyd edən Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin nümayəndəsi Hüseyn Namık Sandıkçı Nazirliyin bina sektorunda hərtərəfli transformasiyanı həyata keçirməyi hədəflədiyini bildirib.
O qeyd edib ki, son 2-3 il ərzində sıfır enerjili bina tələblərinin işlənib hazırlanması, istilik izolyasiyası qaydalarının yenilənməsi, binaların minimum enerji effektivliyi tələblərinin təkmilləşdirilməsi, Türkiyənin iqlim göstəricilərinin yenidən nəzərdən keçirilməsi və buna bənzər digər tətbiqlərlə Türkiyədə ölçülə bilən bir irəliləyiş təmin olunub. Antalyada təşkil olunacaq COP31 çərçivəsində keçiriləcək tədbirdə beynəlxalq yaşıl bina müsabiqəsini də reallaşdırmaq planlaşdırılır.
“Sektorda enerji dönüşümünü reallaşdıra bilmək üçün beynəlxalq əməkdaşlıqların bütün potensialını hərəkətə keçirməyin əhəmiyyətini bilirik. Əlçatan və uzunmüddətli iqlim maliyyələşdirilməsinə, ölkələrarası güclü tərəfdaşlıqlara, məlumat mübadiləsinə və bütün tərəflərin birgə qətiyyətinə ehtiyac var. Azərbaycanla başlayan və uğurla davam edən binalarda enerji səmərəliliyi sahəsindəki əməkdaşlığımız Oman, Qırğızıstan, Somali kimi ölkələrlə də uğurla davam edir”,-deyə Hüseyn Namık Sandıkçı bildirib.
Dəyirmi masada Azərbaycanda binaların enerji səmərəliliyinin qiymətləndirilməsi və rəqəmsal pasportlaşdırılması məsələləri müzakirə olunub. Tədbirdə Azərbaycan və Türkiyə olan çıxışçılar binalarda enerji effektivliyinin artırılması, rəqəmsal transformasiyanın tətbiqi və iqlim hədəflərinə çatmaq üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi haqqında söz açıblar.