Akademik İradə Hüseynova Azərbaycanda enerji və ərzaq sabitliyində əldə olunan nailiyyətlərdən danışıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Dünyada hazırda aparılan çoxsaylı tədqiqatlar göstərir ki, enerji, ərzaq və iqlim sabitliyinin təminində süni intellekt, maşın öyrənməsi, bioinformatika, sintetik biologiya və nanotexnologiyalar getdikcə daha həlledici rol oynayır. Modern biokatalizatorların və nanosəviyyəli çoxfunksiyalı materialların dizaynı həm enerji istehsalında, həm də ətraf mühitin bərpasında yeni dövrün əsasını qoyur. Eyni zamanda, biotexnoloji üsullarla istehsal edilən bioyanacaqlar, hidrogen iqtisadiyyatı, karbon emissiyalarının azaldılması və dayanıqlı kənd təsərrüfatı sistemlərinin yaradılması istiqamətində çoxşaxəli tədqiqatlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” (“Toward the Challenges in Energy, Food, Environment, and Climate Security” - EFEC 2025) mövzusunda beynəlxalq konfransın açılış mərasimində söyləyib.
Azərbaycanda son illər dövlətin dəstəyi ilə bu sahələrdə mühüm elmi və praktik nailiyyətlər əldə edildiyini vurğulayan akademik deyib: “Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl bölgə” modeli həm enerji, həm də ekoloji təhlükəsizliyin təminində unikal təcrübə kimi beynəlxalq maraq doğurur.
Rəhbərlik etdiyim institut tərəfindən kənd təsərrüfatı bitkilərində stres amillərinə davamlılığı artıran genetik mexanizmlərin tədqiqi, antioksidant müdafiə sistemlərinin molekulyar səviyyədə izahı və biomarkerlərin müəyyənləşdirilməsi, seleksiya fəaliyyətlərində rəqəmsal texnologiyaların tətbiqi istiqamətlərində əhəmiyyətli nəticələr əldə olunub.
Bu gün rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi ilə aqrobiotexnologiyada, torpaq və su ehtiyatlarının idarə olunmasında, həmçinin iqlim modelləşdirməsində yeni metodoloji yanaşmalar formalaşmaqdadır.
Azərbaycan alimləri müvafiq istiqamətlərdə FAO, ICARDA, CIMMYT, “Bioversity International” və digər beynəlxalq qurumlarla strateji tərəfdaşlığı dərinləşdirirlər”.