“Akkord” soyqırımı dəhşətlərinə diqqət çəkmək üçün xüsusi tədbir keçirmişdir
Bakı, 31 mart (AZƏRTAC). “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC martın 31-də Pirşağı qəsəbəsində yerləşən 2 nömrəli Xocalı məktəbinin müəllim və şagirdlərindən ibarət kollektivin Quba rayonundakı soyqırımı qurbanlarının xatirə kompleksinə ziyarətini təşkil etmişdir.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, 94 il əvvəl - 1918-ci ilin mart ayında erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin anım günü - Azərbaycanlıların Soyqırımı Günündə korporasiyanın ayırdığı avtobusla Qubaya yollanan qrupa “Akkord”un ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Quliyeva başçılıq etmişdir.
Korporasiyanın bu təşəbbüsünün əsas məqsədi Xocalı soyqırımı qurbanlarının övladlarının 1918-ci il mart ayında törədilmiş soyqırımı zamanı həlak olanların xatirə kompleksini ziyarət etməsinə nail olmaqla çox önəmli bir məsələyə diqqət çəkmək olmuşdur. Erməni millətçilərinin xalqımıza qarşı yönəlmiş mənfur düşmənçilik siyasətinin davamlı və dəyişməz olduğunu, həm də hər zaman dəhşətli dərəcədə amansız və qəddar xarakter daşıdığını gənc nəslin unutmaması bu iyrənc siyasətdən doğa biləcək gələcək təhlükələrin qarşısının alınmasında müstəsna əhəmiyyət kəsb edir və hər kəs bu qanlı tarixin yaddaşlarda əbədi yaşaması üçün əlindən gələni etməlidir.
Ziyarət zamanı korporasiya nümayəndələri və Xocalı məktəbinin kollektivi xatirə kompleksinə əklil və tər gül-çiçək dəstələri qoymuş, bu soyqırımı faktı ilə bağlı məruzələr dinlənilmişdir.
Qeyd edək ki, ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qalmış həmvətənlərimiz digər məcburi köçkün və qaçqınlarla bərabər hər zaman “Akkord” Korporasiyasının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Bayram, ildönümü və anım günlərində Xocalı sakinlərinə müxtəlif yardımlar göstərilməsini diqqətdə saxlayan “Akkord” təkcə Pirşağı qəsəbəsindəki 2 nömrəli məktəbə deyil, həmçinin Naftalan şəhərində yerləşmiş digər Xocalı məktəbinə də yardımlarını əsirgəməmişdir.