REGİONLAR
“Akkord Tekstil” İtaliya, İngiltərə, Fransa, Almaniya və Kanadaya köynək ixrac edəcək VİDEO
Ağstafa, 3 may, Famil Quliyev, AZƏRTAC
Respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracın şaxələndirilməsi bu gün dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə ixrac potensialı böyük olan müəssisələrdən biri də “Akkord Tekstil” MMC-dir. Cəmiyyət Azərbaycanda geyim istehsalı üzrə fəaliyyət göstərən ən böyük müəssisələrdən biridir. Fabrikdə əsasən kişi və qadın geyimləri, habelə digər təyinatlı uniformalar, uşaq və məktəbli geyimləri istehsal olunur.
MMC-nin direktoru İsmayıl Bayramov AZƏRTAC-a müsahibəsində bildirib ki, Ağstafa rayonunda fəaliyyət göstərən “Akkord” tikiş fabriki istər təchizat baxımından, istərsə də istehsal etdiyi məhsulun keyfiyyəti baxımından dünya standartlarına uyğundur.
“Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı imzaladığı mühüm sərəncamlar iqtisadiyyatımızın bütün sahələri kimi, tekstil sahəsinin də inkişafına təkan verib. Qəbul edilən qərar və qanunlar istehsalın daha da genişlənməsinə, yeni texnologiyaların tətbiqinə, məhsul çeşidinin artırılmasına, yeni iş yerlərinin açılmasına imkan yaradıb. Fabrikimizdə 120 nəfər işləyir. Burada Yaponiya və Almaniya avadanlıqlarının tətbiq olunduğu yeni tikiş xətti də yaradılıb və istehsal prosesi beynəlxalq standartlara tam cavab verir. Müəssisədə ayda 40 min ədəd köynək istehsalı mümkündür. İstehsal olunan köynəklər dünyanın bir çox ölkələrinə ixrac edilir. İtaliyada yerləşən “Elle-Elle” şirkəti ilə bu günlərdə yeni müqavilə imzalamışıq. Müqaviləyə əsasən, həmin şirkət bizdən “COVERY” markası altında “Made in Azerbaijan” yarlığı ilə 50 min ədəd köynək alacaq. Yaxın vaxtlarda müəssisəmizin istehsalı olan köynəklər İngiltərə, Fransa, Almaniya və Kanadaya da ixrac ediləcək”, - deyə İsmayıl Bayramov vurğulayıb.