Aktau hava limanı çox ağır təyyarələri qəbul etməyə hazırlaşır
Astana, 19 iyun, AZƏRTAC
Aktau Beynəlxalq Hava Limanında perronun əsaslı təmiri üzrə işlərin 90 faizi tamamlanıb. Bu, hava limanına istənilən uçuş kütləsinə malik yük və sərnişin təyyarələrini qəbul etməyə imkan verəcək.
AZƏRTAC Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, aerodrom infrastrukturunun genişmiqyaslı yenidənqurma işlərinin 2026-cı ilin üçüncü rübünün sonunadək tam başa çatdırılması nəzərdə tutulur.
Layihənin birinci mərhələsi çərçivəsində 2025-ci ilin iyul ayında uçuş-eniş zolağı modernləşdirilib. Cari ilin may ayından isə ikinci mərhələnin – perronun təmiri işlərinin icrasına başlanılıb. Təmir işləri uçuşlar dayandırılmadan həyata keçirilir.
İnfrastrukturun yenilənməsi uçuşların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq, həmçinin regionun tranzit imkanlarını genişləndirəcək. İşlər başa çatdıqdan sonra Aktau Hava Limanı bütün tip hava gəmilərinə, o cümlədən “F” kateqoriyasına aid təyyarələrə xidmət göstərə biləcək ki, bu da beynəlxalq yükdaşımalar sahəsində yeni perspektivlər açacaq.