Aktauda azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Aktau, 2 aprel (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğunun və Məngistay vilayətindəki “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbirdə Azərbaycan diasporunun üzvləri, vilayətin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, şəhər ictimaiyyətinin nümayəndələri, digər diaspor təşkilatlarının rəhbərləri, jurnalistlər iştirak etmişlər.
İştirakçılar əvvəlcə soyqırımını əks etdirən fotosərgiyə baxmış, Heydər Əliyev Fondunun bununla əlaqədar nəşr etdirdiyi kitablarla tanış olmuşlar.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun konsulu Elxan Zeynalov zaman-zaman ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasəti haqqında ətraflı məlumat vermiş, sovet hakimiyyəti dövründə bu cinayətlərin uzun illər gizli saxlandığını bildirmişdir.
E.Zeynalov bu qanlı hadisələrə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla siyasi-hüquqi qiymət verildiyini, son illərdə isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə soyqırımının bütün dünyada tanınması istiqamətində böyük işlər aparıldığını diqqətə çatdırmışdır. Konsul Qubada soyqırımı ilə bağlı kütləvi məzarlığın aşkar olunması, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə burada xatirə kompleksinin yaradılması haqqında məlumat vermişdir. O, 1905-1907 və 1918-1920-ci illərdə erməni daşnakları tərəfindən Bakı, Şamaxı, Quba, Göyçə Zəngəzur və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilmiş qırğınlarla bağlı arxivlərdə olan materialların araşdırılması və həmin materialların tərcümə olunaraq oxuculara və beynəlxalq təşkilatlara göndərilməsi istiqamətində aparılan işlər haqqında da məlumat vermişdir.
Vilayətdəki “Dostluq” AMM-in sədri, professor Yusif Quliyev, burada təhsil alan tələbələrimiz adından Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun Qazaxıstan üzrə nümayəndəsi, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbəsi Əli Əliabbasov, diasporumuzun fəal üzvləri Vaqif Əliyev, Mirnazim Seyidov və başqaları ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində xarici ölkələrdəki Azərbaycanın diaspor təşkilatlarının fəallaşmasının vacibliyinə toxunmuşlar.
Tədbirin sonunda soyqırımı ilə əlaqədar sənədli film nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau