SİYASƏT
Albaniyada Azərbaycan tarixi barədə kitab nəşr edilib
Afina, 19 yanvar, AZƏRTAC
Tiranada Milli Elmlər Akademiyasının binasında Albaniya Milli Tarix Muzeyinin direktoru, Tirana və Nyu-York universitetlərinin müəllimi, tarix elmləri doktoru, professor Dorian Koçinin müəllifi olduğu Azərbaycan tarixindən bəhs edən kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində Albaniya Parlamentinin üzvləri, ictimai təşkilatlar və müxtəlif universitetlərin nümayəndələri, elm adamları, tanınmış jurnalistlər, Albaniyada akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində kitabın müəllifi Dorian Koçi və Albaniya Parlamentindəki Azərbaycanla dostluq qrupunun rəhbəri Anila Denaji çıxış ediblər. Çıxışlarda ikitərəfli münasibətlərin yaranması, inkişafı və gələcək əməkdaşlıq imkanları barədə məlumat verilib, albandilli ictimaiyyətə təqdim olunan kitabın əhəmiyyətindən bəhs olunub.
Azərbaycanın Yunanıstan və Albaniyadakı səfiri Anar Hüseynov çıxışında Albaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb, nəşr olunmuş kitabın mahiyyətinə toxunub. Eyni zamanda, Azərbaycan xalqının azadlıq mübarizəsinin tarixi, 20 Yanvar faciəsi, Ümummilli Lider Heydər Əliyevin bu qanlı cinayətə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində rolu barədə geniş məlumat verib.
Tədbir çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi potensialı barədə alban və ingilis dillərində nəşr olunan kitab iştirakçılara paylanılıb.
Qeyd edək ki, kitabda xalqımızın çoxəsrlik tarixi, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, hazırda regionda baş verən proseslər barədə məlumat verilir. Müəllif ilə əldə olunmuş razılaşmaya əsasən, yeni nəşr Albaniyanın elmi, siyasi, humanitar və ictimai dairələrinə təqdim olunacaq, kitab mağazalarında satışı təşkil ediləcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina