Aleksandr Studnev: WUF13 Belarus təcrübəsinin təşviqi baxımından mühüm platforma olacaq
Minsk, 15 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumu şəhərsalma, dayanıqlı urbanizasiya, müasir memarlıq və mənzil siyasəti sahələrində ən böyük qlobal platformadır. Forum hökumətlərin, beynəlxalq təşkilatların, peşəkar icmaların, akademik dairələrin və biznes nümayəndələrini təhlükəsiz, rahat və davamlı şəhər mühitinin inkişafı üçün birgə həllər hazırlamaq məqsədilə bir araya gətirir.
Bu barədə AZƏRTAC-a Belarus Respublikasının memarlıq və tikinti naziri Aleksandr Studnev bildirib.
O vurğulayıb: “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu urbanizasiya, innovativ tikinti texnologiyalarının tətbiqi və əhali üçün əlverişli mənzil təminatı ilə bağlı dövrümüzün əsas problemlərini əks etdirir.
Forum Belarusun təcrübəsinin təşviqi və beynəlxalq peşəkar əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma olacaq”.
Nazir qeyd edib ki, Belarusun Ümumdünya Şəhərsalma Forumunda iştirakı onun ölkəsinin davamlı inkişaf, beynəlxalq əməkdaşlıq və vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş konstruktiv dövlət siyasəti prinsiplərinə sadiqliyini təsdiqləyir.