Ali Məhkəmədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan Respublikasının Ali Məhkəməsində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yığıncaqda çıxış edən sədr Ramiz Rzayev 1990-cı ilin 20 Yanvar hadisəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləmişdir. Bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror həyata keçirmişdir.
Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən dahi şəxsiyyət Heydər Əliyev olmuşdur. Ulu Öndər faciənin səhərisi günü, yəni 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qırğını törədən şəxsləri kəskin şəkildə tənqid etmiş, bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd hesab etdiyini bildirmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutmuş, onların ailələrinə və zərərçəkənlərə daim qayğı göstərmişdir. 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət də Ulu Öndərimizin təşəbbüsü və səyi ilə verilmişdir. Bu gün Azərbaycanda dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin xeyirxah əməlləri davam etdirilir. 20 Yanvar şəhidlərinin ailələrinə və zərərçəkənlərə dövlət yardımı artırılır. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunun layiqli davamçısı kimi 20 Yanvar şəhidlərinin ailələrinin və faciə zamanı şikəst olan insanların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır.
Qeyd edilmişdir ki, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət də Ulu Öndərimizin təşəbbüsü ilə verilmişdir. Bu qiymət ümumiləşmiş formada bundan ibarətdir ki, o vaxtkı SSRİ rəhbərliyi Azərbaycana təcavüz etmişdir. Əlbəttə, hadisənin günahkarlarının da adları açıqlanmışdır. SSRİ rəhbərliyinin təcavüzünün qarşısı alınmalı, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməli idi. Bu hadisəyə görə o dövrdə xalqın azadlıq hərəkatından öz çirkin məqsədləri üçün istifadə etməyə çalışan “liderlər” də məsuliyyət daşıyırdı. SSRİ rəhbərliyinin təcavüz edəcəyini bilərək xalqı qırğına aparan və bu zaman özləri kənarda qalanlar günahkardırlar.
Çıxış edənlər bildirmişlər ki, Azərbaycan xalqı 20 Yanvar faciəsi zamanı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirmişdir. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazmışlar. Bu gün də Azərbaycan xalqı canlarından keçən övladları ilə fəxr edir.