ALİMLƏR İNSAN GENOMUNUN SONUNCU XROMOSOMUNUN MAHİYYƏTİNİ AÇMIŞLAR
Həmin xromosomda xərçəng, Altsheymer, Parkinson xəstəlikləri və digər xəstəliklərlə bağlı 3141 gen var. Britaniyanın Senger İnstitutunda həyata keçirilən layihənin başçısı Saymon Qreqori demişdir: “Bu nailiyyət “İnsan genomu” layihəsinin mühüm mərhələsini başa çatdırır. Xromosom-1 ən böyük və daha çox genə malik olduğu üçün genomun bu sahəsi ilə daha çox xəstəlik bağlıdır”.
İngiltərə və ABŞ-ın 150 nəfərdən ibarət alimlər qrupu xromosom 1-in sekvensiyalaşdırılmasına 10 il vaxt sərf etmişdir. Tədqiqatın nəticələri xərçəng, autizm, psixi pozğunluq və digər xəstəliklərin diaqnostikası və müalicəsi üsullarının inkişafına təkan verəcəkdir. Xromosomlar hüceyrənin nüvəsində yerləşən sapaoxşar quruluşa malikdir və onların tərkibində insanın fərdi xarakteristikasını müəyyənləşdirən genlər var. Hesablamalara görə, insan genomu 20-25 min gendən ibarətdir. Xromosom 1-in sekvensiyalaşdırılması zamanı 1000 yeni gen aşkar olunmuşdur. DNT molekulunun yaratdığı hər bir xromosom dörd müxtəlif əsasdan - A (adenin), T (timin), Q (quanin), S (sitozin) ibarət ikiqat vintəoxşar xətt formasındadır. Əsasların ardıcıllığını hüceyrənin genetik kodu müəyyənləşdirir.
Alimlər artıq neçə illərdir tədricən insan xromosomlarının mahiyyətini açırlar. Ən böyük xromosom-1 bunların sonuncusudur. Lakin “İnsan genomu” layihəsinin başa çatdığını demək olmaz. İnsan genləri haqqında hələ çox şey öyrənilməlidir, çünki genlərin təxminən yarısının funksiyası indiyədək məlum deyildir.