Almaniya KİV-lərinə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif etməməklə bağlı müraciət ünvanlanıb
Berlin, 2 oktyabr, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfirliyi bu ölkənin yerli KİV-lərinə müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdə son zamanlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi növbəti hərbi təxribatları ilə bağlı yerli KİV-lərdə çoxsaylı məlumatlar və məqalələrin dərc olunduğu, habelə reportajların yayımlandığı bildirilib.
Qeyd olunub ki, dərc olunan məlumatlar və yayımlanan reportajların bəzilərində Azərbaycanın “müsəlman”, Ermənistanın isə “xristian” olması xüsusilə qabardılıb, nəticədə oxucu və ya tamaşaçıda süni olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sanki dini zəmində baş verdiyi təəssüratı yaradılmasına cəhd edilib. Müraciətdə münaqişənin Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları nəticəsində yarandığı, habelə bütün tanınmış alman ekspertlərinin də bu faktı qəbul etdiyi media nümayəndələrinin diqqətinə çatdırılıb.
Həmçinin bildirilib ki, dərc olunan və yayımlanan məlumatların bəzilərində guya “Dağlıq Qarabağın sovet dövründə Azərbaycana verilməsi” kimi yanlış informasiya öz əksini tapıb. Müraciətdə bunun tarixi həqiqətlə tamamilə ziddiyyət təşkil etdiyi, sözügedən bölgənin həmişə Azərbaycana məxsus olması tarixi faktlarla əsaslandırılıb. Media nümayəndələrinə peşəkar fəaliyyətləri zamanı faktların diqqətlə araşdırılmasına, obyektiv jurnalistika meyarlarına əməl olunmasına və sözügedən məqamların nəzərə alınmasına çağırış edilib.
Müraciətdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi aspektləri, Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi son hərbi təxribatlar barədə ətraflı məlumat verilib, Azərbaycanın işğal olunmuş ərazilərinə dair xəritə təqdim edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin