Almaniya mətbuatı Azərbaycanda latın qrafikasına Keçilməsindən yazır
Almaniyanın kütləvi informasiya vasitələri Azərbaycanda avqustun 1-dən latın qrafikasına keçilməsi haqqınlda yazılar dərc etməkdədir.
“Frankrurter algemayne” qəzetinin 2 avqust tarixli nömrəsində Moskva müxbiri Mixail Martensin “У əvəzinə U” və yaxud “Azərbaycan kiril əlifbasından latın qrafikasına keçir” məqaləsini vermişdir.
Müxbir yazır ki, avqustun 1-dən başlayaraq ölkədə bütövlükdə latın qrafikasına keçilməsi haqqında Azərbaycan Prezidentinin fərmanının tərəfdarları çoxdur. Millətçi müxalifətdən əlavə, ölkədə məskunlaşmış rusların da müəyyən qismi əlifbanın dəyişdirilməsinə müsbət yanaşır.
Məqalə aşağıdakı sözlərlə bitir: “Latın qrafikasına keçidlə ölkə öz təqviminə bir bayram günü də əlavə etmişdir. Ölkə Prezidenti Heydər Əliyev bəyan etmişdir ki, avqustun 1-i bundan sonra ölkədə “Milli əlifba günü” kimi bayram ediləcəkdir”.
“Züddoyçe saytunq” qəzeti “Azərbaycan əlifbasını dəyişir” sərlövhəli məqaləsində yazır: “Şifahi və yazılı nitq identik şəkildə vəhdətdə olmalı, biri digərini tamamlamalıdır. Onların hər birində baş verən cüzi dəyişiklik belə, milli-mədəni təfəkkürə, özünüdərkə təsirini göstərir. Azərbaycanın yeni əlifba islahatı ölkənin Qərbə daha meyilli olduğundan xəbər verir və bu, müsbət addım kimi qiymətləndirilməlidir”.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin