Almaniya universitetinin nümayəndələri Coğrafiya İnstitutunda olublar
Bakı, 16 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu ilə Almaniyanın Yustus Libix Universiteti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən universitetin professor-müəllim heyəti və tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycanda ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti üçün “Azərbaycanda iqlim dəyişikliyi problemləri istiqamətində sahə tədqiqatlarının qiymətləndirilməsi və hazırlanmasında müasir metodlar” mövzusunda seminar təşkil olunub. Alman qonaqlar iqlimə adaptasiya kontekstində tədqiqat problemlərinin təyin edilməsi, iştirak fəaliyyəti tədqiqatı (Participatory Action Research), interaktiv qrupların yaradılması, icmaların fikirləri əsasında tədqiqat problemlərinin xəritələşdirilməsi və sair mövzularda təqdimatlarla çıxış ediblər. Ardınca tərəflər arasında interaktiv qruplar yaradılıb və Azərbaycanda iqlim dəyişikliyinin müasir nəticələri və onlara qarşı adaptasiya tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İki gün davam edən seminarın sonunda gənc tədqiqatçılar tərəfindən təqdim edilən “Azərbaycanda iqlim dəyişikliyinin nəticələri, onun icmalara təsiri və problemin aradan qaldırılması istiqamətində adaptasiya tədbirləri” istiqamətindəki yazılı fikirlər Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən, dosent Zaur İmrani və Yustus Libix Universitetinin Coğrafiya İnstitutunun rəhbəri professor Andres Ditman tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə fəal iştiraka görə gənc tədqiqatçılara sertifikat təqdim edilib.