ALMANİYADA «SOYQIRIMLAR TARİXİ VƏ QƏRBİN ERMƏNİ İDDİALARI» MÖVZUSUNDA KONFRANS KEÇİRİLƏCƏK
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbir Mayns Azərbaycan Cəmiyyətinin və türk icmalarının təşəbbüsü ilə təşkil olunacaqdır. Konfransda uzun illər soyqırım və terrorçuluq mövzusunun tədqiqi ilə məşğul olan, tanınmış alim, sosial antropoloq və etnoqraf Sefa Yürükel geniş məruzə ilə çıxış edəcəkdir.
S. Yürükel ”Qərb tarixində soyqırım və deportasiya hadisələri”, ”Qərbdə soyqırım və insan haqları anlayışları və problemlər”, ”Oriyentalizm və oksidentalizmdə terrorizm anlayışı, problemlər və onların həlli yolları”, ”Orta Asiya, Qafqaz, Yaxın Şərq və Balkanlarda münaqişələr və onların həlli yolları” və digər əsərlərin müəllifidir. Hazırda görkəmli alim Qərb tarixində soyqırım və deportasiya hadisələrini araşdıran dördcildlik kitab üzrində işləyir. Yeri gəlmişkən, S.Yürükelin magistrlik dissertasiyasının mövzusu Azərbaycana aid olmuşdur.
Konfransda Almaniyanın bir sıra nüfuzlu şəxsləri, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər. Tədbir bu ölkənin mətbuatında geniş işıqlandırılacaqdır.