SİYASƏT
Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu işə başlayıb
Bonn, 14 sentyabr, AZƏRTAC
Almaniyanın Bonn şəhərində Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forum Almaniya Azərbaycanlıları Alyansının, Almaniyada Azərbaycanlı Həkimlər Forumunun təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. Tədbirə Almaniyanın 81 şəhərindən 200 həkim, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər qatılıblar.
Almaniyada Azərbaycanlı Həkimlər Forumu İdarə Heyətinin sədri Elvin Hüseynovun moderatorluğu ilə keçirilən tədbir ölkəmizin Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Prezident İlham Əliyevin Qarabağda qazanılan Qələbə ilə bağlı fikirlərinin əks olunduğu videoçarx, həmçinin həkimlərin I və II forumları barədə videoçarx nümayiş etdirilib.
Azərbaycan dövlətinin diaspor siyasəti, ölkə Prezidentinin tövsiyələri əsasında həyata keçirilən layihələr barədə danışan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov belə forumların diasporun birliyinə ciddi təsir etdiyini deyib.
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev çıxışında gələcəkdə forumun bütün dünyada yaşayan azərbaycanlı həkimləri əhatə edəcəyinin proqnozunu verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayev təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, forumun Almaniyadakı həkimlərlə daha sıx əlaqələr qurulmasındakı rolunu yüksək qiymətləndirib.
Forum müxtəlif mövzularda elmi müzakirələr və panel iclaslarla davam edir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Bonn