Almaniyalı professor Azərbaycan Universitetində mühazirə oxuyacaq
Bakı, 25 fevral, AZƏRTAC
Almaniyanın Koblenz Universitetinin professoru Martina Brück Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyacaq. Universitetdən
AZƏRTAC-a bildirilib ki, “Erasmus+” mübadilə proqramı çərçivəsində ali məktəbə gələn almaniyalı professor iki həftə ərzində tədris prosesində iştirak edəcək.
Əvvəlcə qonaq Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva ilə görüşüb. Görüşdə Azərbaycan və Koblenz universitetləri arasındakı əlaqələr yüksək qiymətləndirilib və “Erasmus+” mübadilə proqramı vasitəsilə tələbələr üçün yaradılan imkanlar haqqında müsbət fikirlər səsləndirilib. Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Martina Brück Bakı haqqında yüksək təəssüratlarını bildirib.
Sonra qonaq universitetin tədris binası ilə tanış olub və yaz semestrində mübadilə proqramı ilə Azərbaycan Universitetində oxuyacaq almaniyalı tələbələrlə görüşüb.
Qeyd edək ki, Martina Brückün mühazirələri biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli ixtisaslarında tədris olunan korporativ maliyyə, maliyyə menecmenti və statistika fənlərini, MBA qruplarında isə maliyyə analizi və kredit strukturlarına giriş fənlərini əhatə edəcək.