Almaniyanın Azərbaycandakı səfiri Qəbələdə olub
Qəbələ, 28 iyul (AZƏRTAC). Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel Qəbələdə olub.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə səfirə Qəbələnin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə məlumat verilib.
Görüşdə füsunkar təbiətə malik Qəbələnin beynəlxalq irimiqyaslı tədbirlərə ev sahibliyi etdiyi, respublikamızın turizm infrastrukturunda yüksək nəticələrin əldə olunmasında bu rayonun xüsusi yeri olduğu diqqətinə çatdırılıb.
Bildirilib ki, turizm sektoru ilə yanaşı, burada yaradılan yeni istehsal müəssisələri də rayonun iqtisadi inkişafında müstəsna rol oynayır.
Ölkəmizin sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduğunu söyləyən səfir Haydrun Tempel Azərbaycanın Avropaya uğurlu inteqrasiyasından söz açıb.
Qarşılıqlı əməkdaşlığın xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm rol oynadığını bildirən diplomat tərəflər arasında təcrübə mübadiləsinin təmin edilməsinə səfirliyin həmişə hazır olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb, turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən səfir VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsertə tamaşa edib.