ALMANİYANIN FRAYBERQ ŞƏHƏRİNDƏ XƏZƏR HÖVZƏSİNİN ENERJİ EHTİYATLARINA HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, iyunun 11-dən 13-dək Frayberq Dağ-Mədən Universitetində “Dağ-mədən Sənayesi Günü”nün təsis edilməsinin 59-cu ildönümü münasibətilə silsilə konfranslar keçirilmişdir.
Həmin konfranslardan biri “Almaniya və Avropanın enerji təminatı Xəzər hövzəsi və Rusiyanın timsalında” devizi altında təşkil olunmuşdur. Konfransda Almaniya, Azərbaycan, İsveçrə, Rusiya və Qazaxıstan nümayəndələri məruzələrlə çıxış etmiş və müxtəlif mövzular ətrafında müzakirələr aparmışlar.
Konfransı giriş nitqi ilə açan universitetin rektoru Rudolf Kavalla Almaniyanın və ümumilikdə Avropa İttifaqına daxil olan dövlətlərin enerji təminatı ilə bağlı geniş melumat vermişdir. Sonra Berlin şəhərində yerləşən “Elm və Siyasət Fondu”nun Rusiya və MDB tədqiqat qrupunun rəhbəri Uve Halbax əsas məruzəçi qismində “Xəzər hövzəsinin kəşfi - Avropalıların Mərkəzi Asiya və Qafqaza yaxınlaşması” mövzusunda çıxış etmiş və Xəzər hövzəsinin növbəti onilliklərdə Avropa üçün oynaya biləcəyi rol barədə danışmışdır.
Sonra Şərqi və Mərkəzi Avropa bölməsinin icraçı direktoru Peter Danilov Almaniyanın Avropa İttifaqı və “Böyük səkkizlər”ə sədrliyi dövründə Xəzər bölgəsindən enerji idxalı ilə bağlı mövzu ilə çıxış etmişdir. O, Almaniya federal xarici işlər nazirliyinin region ölkələri ilə əməkdaşlıq üçün göstərdiyi səylər, “Mərkəzi Asiya strategiyası” və həmin strategiyanın həyata keçirilməsində Azərbaycanın tranzit ölkə kimi oynayacağı rola diqqət çəkmişdir.
Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Rizvan Nəbiyev “Xəzər bölgəsində tarixi neft-qaz hasilatı ənənəsi: Avropanın enerji təminatı Azərbaycanın timsalında” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanın enerji ehtiyatları, imzalanmış müqavilələrin təhlili və ixrac marşrutarı diqqət mərkəzində dayanmışdır.
Qazaxıstanlı alim Boris Şilyayev Çin, Rusiya və Qərb ölkələri arasında Qazaxıstan enejri ixracı siyasəti, Berlin Avropa Universitetinin professoru Bəhruz Abdulvand İranın enerji ehtiyatları, xüsusilə qaz ehtiyaları ilə bağlı, eləcə də bu enerji ehtiyatlarının Avropa bazarına çıxarılması imkanları haqqında məruzələrlə çıxış etmişlər. B.Abdulvand ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqoların İbu ölkənin enerji ixracatına vurduğu ciddi zərbə və buradan irəli gələn nəticələrə da toxunmuşdur.
“Nord Stream” səhmdar cəmiyyətinin icraçı direktorunun müavini Y.Kote yeni çəkiləcək “Şimal axını” qaz kəməri layihəsi barədə danışaraq, bu layihənin uğurla başa çatmasının Avropanın enerji təminatına yeni bir töhfə olacağını vurğulamışdır.
Qeyd edək ki, yuxarıda xatırlanan konfranslar seriyası Frayberq şəhərinin meri və Frayberq Dağ-Mədən Universitetinin rektorluğunun təşəbbüsü ilə keçirilir. 1765-ci ildə əsası qoyulan bu ali təhsil ocağı dünyanın ən qədim dağ-mədən universitetidir. Aparılan elmi tədqiqatlar və nailiyyətlərə görə, universitetin adı “Ginnesin rekordlar kitabı”na daxil edilmişdir.