ALMANİYANIN VƏ YUNANISTANIN AZƏRBAYCANDA YENİ SƏFİRLƏRİ ETİMADNAMƏLƏRİNİN SURƏTİNİ XARİCİ İŞLƏR NAZİRİNƏ TƏQDİM ETMİŞLƏR
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 28-də Almaniya Federativ Respublikasının və Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirləri Detlet Lingeman və Temistokles Dimidis ilə görüşmüşdür. Görüşdə səfirlər etimadnamələrinin surətini nazirə təqdim etmişlər.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, yeni təyinatları münasibətilə səfirləri təbrik edən nazir, onların fəaliyyətinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Azərbaycana səfir təyin olunmağından məmnunluğunu bildirən səfir Detlet Lingeman Almaniya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə edəcəyini vurğulamışdır.
Ölkəmizdəki sosial-siyasi vəziyyət barədə Almaniya diplomatını məlumatlandıran nazir E.Məmmədyarov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu, bu ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırma siyasəti apardığını və bununla da beynəlxalq Cenevrə konvensiyalarının tələblərinin pozulduğunu diqqətə çatdırmışdır. Azərbaycanın avratlantik strukturlarına inteqrasiya siyasətindən danışan nazir, ərazilərimizin işğal edilməsi faktının bu istiqamətdə böyük maneə olduğunu vurğulamışdır.
Azərbaycana səfir təyin edilməsindən məmnun olduğunu bildirən Temistokles Dimidis də ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə çalışacağını bildirmişdir.
Azərbaycan ilə Yunanıstan arasında müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etdirilməsindən söz açan nazir, bu əməkdaşlığın ölkələrimizin tutduğu strateji-coğrafi mövqe baxımından əhəmiyyət daşıdığını söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.