Almaniyanın Yade Universiteti ilə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Bakı, 1 fevral (AZƏRTAC). Almaniyanın Yade Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru Vaythöner və beynəlxalq şöbənin müdiri xanım Andrea Menn Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, qonaqlar institutda Almaniyanın Yade Universitetində DAAD təqaüdü ilə oxuyacaq iki tələbənin Azərbaycan Turizm İnstitutunun beynəlxalq əlaqələr və layihələr şöbəsi ilə birlikdə seçimini həyata keçirmiş, ATİ ilə Yade Universiteti arasında bağlanacaq ikitərəfli əməkdaşlıq müqaviləsinin geniş tərkibdə imzalanması barədə fikir mübadiləsi aparmışlar.
Görüşdə TEMPUS-un 2012-ci il “Davamlı turizm idarəçiliyi üzrə beynəlxalq bakalavr və magistr proqramlarının yeni modullarının inkişafı” layihəsinin ölkəmizdən olan tərəfdaşları - Azərbaycan Turizm Asossiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi, “Millennium” turizm şirkəti, Bakı Dövlət Universiteti, “Təbiət dostları” və EkoSfera QHT-lərinin nümayəndələri ilə birlikdə təklif olunan layihənin texniki məsələləri müzakirə edilmişdir.
Görüşün sonunda tədqiqat və inkişaf şöbəsinin baş metodisti və ATİ-nin ekoturizm üzrə müəllimi Gila Altmana Azərbaycanda göstərdiyi fəaliyyətə görə institutun təşəkkürnaməsi təqdim olunmuşdur.
Yade Universitetinin əməkdaşları, həmçinin 2012-ci ildə təmsil etdikləri ölkənin Vilhelmsafen şəhərindəki alman dili yay məktəbi kursunda iştirak edəcək tələbələrlə görüşmüş, onların kursla və təhsillə bağlı suallarını cavablandırmışlar.