RƏSMİ XRONİKA
“ALSTON” ŞİRKƏTLƏR QRUPUNUN ZAVODU İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbirləri xəbər verirlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Lill şəhərində “Alstom” şirkətlər qrupunun zavodunda olmuşdur.
Şirkətlər qrupunun sədri Patrik Krom dövlətimizin başçısını səmimiyyətlə qarşıladı.
Azərbaycan Prezidentinə məlumat verildi ki, burada Avropanın və dünyanın əksər ölkələri üçün sürət qatarları, dəmir yolu nəqliyyatı üçün avadanlıq istehsal olunur. Bu sahədə “Alstom” dünyada birinci yeri tutur. Dünyanın 70 ölkəsində fəaliyyət göstərir. Lill şəhərindəki zavodda 60 min işçi çalışır. Şirkətlər qrupunun gəlirinin 90 faizi Fransa ərazisindəki fəaliyyətdən əldə olunur.
Prezident İlham Əliyev zavodla yaxından tanış oldu, ayrı-ayrı istehsal sahələrini gəzdi.
Müəssisədə tədqiqat işlərinin aparılması üçün 33 laboratoriya var. Dünya üzrə 50 şirkəti birləşdirən “Alstom” şirkətlər qrupunun ümumilikdə 200 min işçisi, 2400 tədqiqatçısı vardır. Baş müəssisənin ümumi gəliri 14 milyard dollardır. Burada sürət qatarları 1978-ci ildən başlayaraq istehsal olunur. Bu qatarların sürəti saatda 300 kilometrdən çoxdur. Zavod nəqliyyat infrastrukturu sahəsində layihələrin həyata keçirilməsində də iştirak edir. Metro vaqonları istehsalında dünyada ikinci yeri tutur. Paris, London, Nyu-York, Vaşinqton, Karakas, Sinqapur, Şanxay, İstanbul və Afina kimi şəhərlərin yeraltı nəqliyyat sistemi “Alstom” tərəfindən qurulmuşdur. Şirkətlər qrupu elektrik stansiyalarından ötrü avadanlığın istehsalı ilə də məşğul olur və SES-lər üçün avadanlıq buraxılmasında liderdir.
Azərbaycan Prezidenti İlham Əliyev zavodda hazır vaqonlara baxdı. Bildirildi ki, bu vaqonlar Sinqapurun sifarişi ilə hazırlanmışdır.
Dövlətimizin başçısı hər cür rahatlıqla təmin olunan, yüksək zövqlə hazırlanan vaqona əyləşdi, ikimərtəbəli və birmərtəbəli vaqonların dizaynına və quruluşuna baxdı və burada xatirə şəkli çəkdirdi.
Prezident İlham Əliyev nəhəng zavodla tanışlıqdan məmnunluğunu söylədi və bu cür müasir müəssisə ilə əməkdaşlığın faydalı olacağını vurğuladı.
Azərbaycan Prezidentinə xatirə olaraq vaqon maketi hədiyyə olundu.