ELM VƏ TƏHSİL
ALTIAĞACDA SEMİNAR
Bakı Dövlət Universiteti özünün Altıağacdakı yay düşərgəsində Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə “Sosial və humanitar elmlərin tədrisində informasiya texnologiyalarının tətbiqi” mövzusunda seminar təşkil etmişdir. Bu, dövlət ali təhsil müəssisələri tərəfindən keçirilən ilk belə tədbirdir.
Bir həftə davam edən seminarın əsas məqsədi sosial və humanitar elmlərin tədrisində informasiya texnologiyalarından istifadə haqqında dolğun təsəvvür yaratmaq və gələcəkdə ali məktəblərdə bunların tətbiqini reallaşdırmaqdır.
Seminarın aparıcı mühazirəçisi, ABŞ-ın İndiana Universitetinin mütəxəssisi Karen Hallettin “Distans təhsilinin nəzəriyyəsi və metodları”, “Əlaqələndirmə və əks-əlaqə strategiyaları”, BDU-nun tətbiqi riyaziyyat kafedrasının müdiri professor Ramin Mahmudzadənin “Sosial elmlərin tədrisində internet texnologiyaları”, Bakı Təhsil Məlumat Mərkəzinin direktoru, biologiya elmləri namizədi Bahar Hacızadənin “Beynəlxalq universitet layihələri və təhsil imkanları”, Açıq Cəmiyyət İnstitutunun təhsil proqramları departamentinin direktoru Elmina Kazımzadənin “Layihələrin dəyərləndirilməsi”, habelə Valeria Sabitovanın “Qrantlar, maliyyə mənbələri və təhsil proqramlarında onun üstünlükləri” mövzularında mühazirələri BDU-nun əksər fakultələrini təmsil edən professor və müəllim heyətindən ibarət dinləyicilərdə böyük maraq doğurmuşdur.
BDU-nun baş müəllimi, Amerikaşünaslıq Mərkəzinin direktoru Gülheyran Rəhimova seminarın təşkilində göstərdiyi köməyə görə universitetin rəhbərliyinə minnətdarlıq etmişdir. Bildirilmişdir ki, gələcəkdə də təşkil olunacaq bu cür seminarlar respublikamızın ali məktəblərinin müasir təhsil sisteminə inteqrasiyasına kömək edəcəkdir.