AMEA Geologiya İnstitutunda “20 Yanvar - donan vicdanların haqq səsi” mövzusunda tədbir keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda “20 Yanvar - donan vicdanların haqq səsi” mövzusunda tədbir keçirilmişdir.
Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, anma mərasimində institutun gənc alim və mütəxəssislər şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov həmin dövrdə baş vermiş hadisələri yada salaraq, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən danışmış, tarixi həqiqətlərə nəzər salmışdır. Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Eldar Hüseynov ölkəmizdə və xaricdə 20 Yanvar hadisəsinə verilən siyasi-hüquqi qiymət, həmçinin ölkəmizdən kənarda yaşayan soydaşlarımızın, xüsusən də gənc nəslin bu istiqamətdə maarifləndirilməsində Azərbaycan ziyalılarının öhdəsinə düşən vəzifələrdən söhbət açmışdır.
Geologiya İnstitutunun şöbə müdiri, professor Hikmət Mahmudov və Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov Qanlı Yanvar gecəsində milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmasından, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsindən və yaralanmasından, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətindən söz açmışlar.
Sonra 24 il əvvəl törədilmiş qanlı hadisələri əks etdirən kadrlar nümayiş etdirilmişdir.