AMEA-nın Fiziologiya İnstitutunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunda elmi şuranın iclası keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə institutun elmi işlər üzrə direktor müavini Afiq Qazıyev çıxışında həmin illərdə baş vermiş hadisələr haqqında danışmışdır.
Qanlı 20 Yanvarı xalqımızın şərəfli qəhrəmanlıq günü kimi xatırladan A.Qazıyev o gecənin dəhşətli anlarını yada salmış, insanların göstərdiyi şücaətdən bəhs etmişdir. A.Qazıyev “Qara Yanvar” gününün təkcə qanlı tarix deyil, eyni zamanda, xalqımızın qəhrəmanlıq, şücaət günü kimi qeyd edilməli olduğunu vurğulamışdır.
Nitqinə dahi şairimiz Əhməd Cavadın “Bayraqları bayraq edən üstündəki qandır, torpaq - uğrunda ölən varsa vətəndir” kəlmələri ilə başlayan institutun uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi Sevinc Hüseynova bildirmişdir ki, əslində bayrağımızı da o gün müqəddəs edən 20 Yanvar şəhidlərinin qanı olmuşdur. S.Hüseynova 20 yanvar hadisələrini çökən imperiyanın əks sədası qiymətləndirmişdir. Diqqətə çatdırılmışdır ki, ölkədə kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında Bakıya qoşun hissələri yeritdi. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 147 nəfər silahsız mülki şəxs amansızcasına qətlə yetirilmiş, yüzlərlə vətəndaş yaralanmış və itkin düşmüşdür.
Xalqın Sovet ordusuna inamından danışan elmi işçi S.Hüseynova Bakıya yeridilmiş qoşun hissələri arasında ruslardan əlavə ermənilərin də olduğunu vurğulamışdır. Bütün bunların başında SSRİ-nin keçmiş prezidenti Mixail Qarbaçovun dayandığını söyləyən S.Hüseynova bu hadisələrin hələ 1988-ci ildən hazırlanıldığını xatırlatmışdır. Qeyd etmişdir ki, 1989-cu ildə Azərbaycan xalqını dünyanın və ilin xalqı elan etmişdilər. Çünki Azərbaycan xalqı torpağı üçün, milləti üçün canını fəda edən yeganə millət idi.